Bakıda ilk dəfə təşkil olunmuş Pro kateqoriyalı məşqçi kursunu bitirənlərə sertifikatlar təqdim olunub.
AFFA-nın Futbol Akademiyasında UEFA-nın Bakıda ilk dəfə təşkil olunmuş Pro kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq sertifikatlar təqdim olunub. ANS PRESS-in AFFA-ya istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən baş katib Elxan Məmmədov AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından məşqçiləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
E. Məmmədov bildirib ki, Pro kurslarının keçirilməsinə UEFA tərəfindən ciddi nəzarət olunub və AFFA-nın təşkilatçılığını Avropa futbol qurumu yüksək qiymətləndirib. Həmçinin qeyd olunub ki, ölkəmizdə təşkil olunacaq növbəti Pro kurslarına digər ölkələrdən də böyük maraq göstərilir və məşqçilər Azərbaycanda keçiriləcək kurslarda iştirak edə bilmək üçün AFFA-ya müraciət edir.
AFFA-nın Texniki direktoru Bernhard Lippert Pro kurslarının təşkilində əməyi olanların hər birinə təşəkkürünü bildirib. Daha sonra baş katib müvafiq sertifikatları məşqçilərə təqdim edib.
Ən sonda isə Futbol Akademiyasının qarşısında tədbir iştirakçıları xatirə şəkli çəkdirib. Tədbir başa çatdıqdan sonra Pro kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə AFFA tərəfindən ziyafət verilib.
Mükafat alan məşqçilər; milli komandanın məşqçisi Nazim Süleymanov, U-19-un baş məşqçisi Arif Əsədov, U-15-in baş məşqçisi Təbriz Həsənov, U-21-in məşqçiləri – Yaşar Vahabzadə ilə Babək Alxasov, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Bakı”da aşağı yaş qrupları üzrə məşqçi işləyən Yüksəl Kəpoğlu, “Bakı” və “Xəzər Lənkəran”ın keçmiş çalışdırıcısı Cüneyt Biçər, eləcə də Şahin Diniyev Pro kateqoriyasını alıb.