Tanınmış braziliyalı futbolçu Adriano karyerasını başa vurmaq qərarına gəlib.
Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” klubunda oynayan 27 yaşlı hücumçu artıq bunu Braziliya milli komandasının baş məşqçisi Dunqaya deyib. Məşhur futbolçunun gözlənilmədən belə qərar qəbul etməsinin səbəbi məlum deyil.
Təxminən iki həftə öncə Braziliya yığmasının oyunlarında iştirak etmək məqsədilə İtaliyanı tərk edən Adriano nəzərdə tutulan vaxtda “İnter”in düşərgəsinə qayıtmayıb. Hərçənd, o, aprelin 3-də klubun bazasında olmalı imiş. Lakin futbolçu hələ də Braziliyadadır.
Adriano ilə bir neçə gün ərzində nə anası, nə də agenti əlaqə saxlamağa müvəffəq olub. Bu isə KİV-də hücumçunun oğurlanması ilə bağlı söz-söhbətlərə səbəb olub. Daha sonra Braziliya Futbol Konfederasiyası Adriano barədə gəzən xoşagəlməz informasiyaları təkzib edərək, onun ailəsinin yanında olduğunu bildirib.
Qeyd edək ki, ərköyünlüyü ilə diqqətçəkən Adriano dəfələrlə nizam-intizamı pozub. Elə “İnter”in baş məşqçisi Joze Maurinyo onu bir neçə dəfə məşqdən qovub. Əvvəllər alkoqola qurşanmasına görə müalicə olunan Adriano bu xəstəlikdən yaxa qurtarıb. Onun cari mövsümdə Maurinyo ilə problemi olsa da, sonradan münaqişə yoluna qoyulub.
APA