A Millinin Moskvada ilk məşqi
27 Mart 2009 Cümə 11:25
Mənfi 5 dərəcə şaxta altında keçən hazırlıq 1 saata qədər davam edib

 

Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində martın 28-də Rusiya millisilə qarşılaşacaq Azərbaycan A Milli komandası, matçın keçiriləcəyi “Lujniki” stadionunda ilk məşqini keçirib. Azerisportun xəbərinə görə, mənfi 5 dərəcə şaxta altında keçən hazırlıq 1 saata qədər davam edib. Futbolçularımız əsasən yüngül məşqlə kifayətlənərək, müxtəlif taktiki tapşırıqları yerinə yetiriblər. Qapıçılar Fərhad Vəliyev, Rauf Mehdiyev və Səlahət Ağayev isə komandadan ayrı çalışıb. Millimzin ilk məşqini 30 azərbaycanlı azarkeş də izləyib. Milli komandamız oyun öncəsi son məşqini isə bu gün Bakı vaxtı ilə saat 18-00-da keçirməyi planlaşdırır.

Bundan əlavə, bu gün millimizin almaniyalı baş məşqçisi Berti Foqts və kapitan Rəşad Sadıqovun iştirakı ilə mətbuat konfransı da keçiriləcək. Görüşün keçiriləcəyi “Lujniki” stadionuna gəlincə, buranın ot örtüyünün süni olması ruslardan çox bizim işimizə yaramalıdır. Amma görünür qarşılaşmanın bu arenada keçirilməsi rusların hollandiyalı baş məşqçisi Quus Hiddinkin də ürəyincədir: “Hazırda Rusiyada çox əlverişsiz hava şəraiti hökm sürür. Fikrimcə, belə vəziyyətdə süni ot örtüklü meydançada oynamaq daha rahat olar.” Bir müddət öncə Azərbaycan A Milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts da sərt hava şəraitində oynamaqla bağlı fikir səsləndirmişdi: “Biz hər cür havada oynamağa hazırıq. İqlim şərtləri necə olsa da komandamız yaxşı oyun nümayiş etdirə bilər.”

Rusların düşərgəsində isə heyətlə bağlı elə bir problem müşahidə olunmur. Təkcə “Lokomotiv” klubunun şərəfini qoruyan Dmitri Torbinskinin xəstə olması səbəbindən millimizə qarşı oynayıb oynamayacağı sual altındadır. Qeyd edək ki, Azərbaycan-Rusiya oyunu ilə eyni gündə qrupumuzda daha 2 oyun keçiriləcək. Uels millisi doğma divarlar arasında Finlandiyanı sınağa çəkəcək. Lixtenşteyn isə qrup lideri Almaniyanın qonağı olacaq.
 
/ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar