32 klub MDB-nin birgə çempionatına dəvət alıb
01 Fevral 2013 Cümə 22:39
Bunlardan 16-sı Rusiya, 16-sı isə Ukrayna futbol klubudur.
“Futbol üzrə birgə çempionat” müstəqil qeyri-kommersiya təşkilatının direktoru Valeri Qazzayev Rusiya Premyer liqasının və Ukrayna Premyer liqasının bütün klub rəhbərlərini fevralın 18-də bu təşkilatın Moskvada keçiriləcək növbəti iclasına dəvət edib.
AzərTAc Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiyanın 16 və Ukraynanın 16 klub rəhbərinə dəvət məktubu göndərilib. Məktubda deyilir: “Təşkilatımızın əsas məqsədi klub, milli və Avropa futbolunu inkişaf etdirməkdir”.
Müraciətdə deyilir: “Futbolu keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün biz bir neçə milli çempionatı bir turnirdə birləşdirməyi təklif edirik. Birinci mərhələdə belə birləşmə postsovet məkanında futbol baxımından daha güclü dövlətlər kimi Ukrayna və Rusiyaya aid olmalıdır. Lakin biz əminik ki, yeni çempionat başqa ölkələr üçün də nümunə olacaqdır, axı inteqrasiya prosesləri futbolun gələcəyini təmin edir”.
Xatırladırıq ki, 2013/2014-cü illərin milli yarışlarının yekunları üzrə birgə turnir konsepsiyası iki liqanın – yüksək və birinci divizionun yaradılmasını nəzərdə tutur. Onların hər birində 18 komandanın iştirakı planlaşdırılır. Ən mühüm məsələ - Avropa kuboku uğrunda yarışlarda “birgə çempionatın” təmsilçiliyi məsələsi birlikdə müzakirə olunacaq.
DOSTLARINLA PAYLAŞ: