3 şahmatçımız AÇ-də norma yerinə yetirdilər
20 May 2011 Cümə 10:20
Batum şəhərində qitə birinciliyi başa çatıb
Gürcüstanın Batum şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa Çempionatı başa çatıb. Azərbaycan Şahmat Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, çempionatda çıxış edən 14 şahmatçımızdan ən yüksək nəticəni beynəlxalq usta Xəyalə Abdulla göstərib.
Belə ki, o, İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət olan birinciliyin yekununda aktivinə 7 xal yazdıraraq 14 – 27-ci pillələri bölüşdürüb. Lakin əlavə əmsala görə Xəyalə Abdulla 26-cı olub. Çempionatı 6 xala malik iki şahmatçımızdan Nərmin Kazımova 39-cu, Zeynəb Məmmədyarova isə 56-cı pillədə başa vurublar. 5.5 xalla Xəyalə İsgəndərova 58, Nərmin Xələfova isə 68-ci olublar.
Qeyd edək ki, Nərmin Kazımova və Xəyalə İsgəndərova beynəlxalq qrossmeyster normalarını yerinə yetiriblər. Beynəlxalq usta normasını yerinə yetirən Gəncə şahmatçısı Səbinə İbrahimova çempionatı 5 xalla 78-ci pillədə yekunlaşdırıb. Şirvan şahmatçısı və millimizin üzvü Gülnar Məmmədovanın da hesabına 5 xal əlavə edərək 85-ci yeri tutub.
4.5 xala malik 4 şahmatçımızdan Aysel Məmmədova 94, Türkan Məmmədyarova 98, Nərgiz Umudova 102, Səbinə Quliyeva isə 105-ci olublar. 110-cu pillədə çempionatı başa çatdıran Turan Əsgərova 4 xal toplaya bilib. Digər iki şahmatçımızdan Ülviyyə Fətəliyeva 119-cu (3.5 xal), Nərmin Söyünlü isə 128-ci (2.5 xal) olub.
DOSTLARINLA PAYLAŞ: