12 yaşlı istedadlı Kənan Rəfiyev internetdə parlayıb
04 Dekabr 2011 Bazar 20:03
Kənan Rəfiyev gələcəkdə dünyanın ən məşhur futbolçusu olmaq istəyir.
12 yaşlı həmyerlimiz Kənan Rəfiyev ola bilsin ki, nə vaxtsa məşhur bir futbolçuya çevrilsin. Hələlik isə istedadlı azərbaycanlı yeniyetmənin internetdə ulduzu parlayıb. Kanadadan köçərək Bakıya gələn Rəfiyevlər ailəsi Kənanın futbolçu gələcəyinə böyük ümid bəsləyir.

Kanadada futbol həyatına başlayan Kənan Rəfiyev azyaşlı olmasına baxmayaraq, topla elə hərəkətlər edir ki, sanki peşəkar futbolçudur. Kənan futbol həyatına 5 yaşında Kanadanın “Spartakus” klubunda başlayıb. Daha sonra 12 yaşlı azərbaycanlı “Vest ruq storm” komandasına keçib. Kənan 2010-cu ildə vurduğu qolların sayına görə, Kanadada ilin ən yaxşı futbolçusu seçilib. Onun futbola gəlməsində isə atasının böyük rolu olub.

Kənan artıq 3 aydır ki, “Qəbələ” klubuna transfer olunub. Həmyaşıdları ilə müqayisədə qeyri-adi istedada malik olan bu gənc gələcəkdə dünyanın ən tanınan futbolçusu olmaq istəyir.

Qeyd edək ki, Kənan Rəfiyev Azərbaycan klublarının maraq dairəsinə videolarını internetə yerləşdirəndən sonra düşüb. Onu əvvəlcə “Xəzər Lənkəran” klubu Azərbaycana dəvət edib. Ancaq cənub təmsilçisinin 12 yaş qrupu üçün futbol məktəbi olmadığından, istedadlı yeniyetmənin seçimi “Qəbələ” klubu olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar