Yasamaldakı qətlin təfərrüatı məlum olub
12 Avqust 2010 Cümə Axşamı 15:15
Yasamaldakı qətlin təfərrüatı məlum olub. İnsident borc üstündə baş verib.
Yasamalda baş verən qətllə bağlı rəsmi məlumat yayılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Avqustun 10-da saat 22:00 radələrində Yasamal rayonu, Zərdabi küçəsi, 89 saylı evin qarşısında 30-35 yaşlarında naməlum kişinin kəsici-deşici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər alaraq Respublika Kliniki Xəstəxanasına çatdırıması və aldığı xəsarətlərdən orada ölməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci(Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin 20 sentyabr 1980-ci il tarixdə anadan olmuş, Bakı şəhəri, G.Əsədov küçəsi 5 saylı ünvanda pasport qeydiyyatında olmaqla, Bakı şəhəri, M.Cəlal küçəsi, 56 saylı evin 49-cu mənzilində kirayənişin yaşamış Quliyev İlham Məmmədağa oğlu olması müəyyənləşdirilib.
İlkin istintaqla həmçinin müəyyən edilib ki, 21 may 1991-ci il tarixdə anadan olan Bakı şəhəri, M.Cəlal küçəsi, 56 saylı evin 18-ci mənzilində yaşayan İsgəndərov İmaməli Əli oğlu ona olan borcunu qaytarmadığına və ünvanına nəlayiq ifadələr işlətdiyinə görə tanışı İlham Quliyevi öldürmək məqsədi ilə avqustun 10-da saat 20:00 radələrində idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla əvvəlcədən təyin etdikləri Bakı şəhəri, Zərdabi küçəsi, 89 saylı evin qarşısına gəlib. İ.İsgəndərov maşından düşərək İ.Quliyevlə görüşüb və aralarında yaranan mübahisə zamanı üstündə olan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyyələrinə, o cümlədən döş qəfəsinin sol və sağ nahiyyələrinə çoxsaylı zərbələr endirib.
Rayon prokurorluğu və Polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən İ.İsgəndərov tutularaq istintaqa təqdim edilib. O, dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf edib. Cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib və iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hazırda rayon prokurorluğunda iş üzrə istintaq davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: