Toyuna hazırlaşan gəncin meyidi tapıldı
03 Aprel 2010 Şənbə 15:15
Toyuna hazırlaşan gənc 15 gün əvvəl itkin düşmüşdü.
Şəkidə toy etməyə hazırlaşan Qoxmuq kənd sakini 23 yaşlı Fazil Baba oğlu Saatovun meyidi rayonun Baltalı kəndinin ərazisində göl qırağından tapılıb. Bu barədə ANS PRESS-ə Şəki şəhər rayon polis şöbəsinin axtarış şöbəsinin əməliyyat müvəkkili Ərəstun Zamanov məlumat verib.
Meyitin üzərinə baxış zamanı hər hası bir zorakılıq əlamətləri aşkar olunmayıb. Faktla bağlı Şəki Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Qeyd edək ki, F. Saatov martın 18-i saat 23.00 radələrində yaşadığı Qoxmuq kəndindəki mənzildən çıxaraq bir daha geri qayıtmayıb. Qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, F. Saatov martın 27-si sevib nişanlandığı qızla toy etməyə hazırlaşırmış.
O, martın 18-də ailə üzvləri ilə birlikdə evlərinə gətirilən cehiz əşyalarını yerləşdirdikdən sonra naməlum şəraitdə yoxa çıxıb. Səhərə qədər onu axtaran ailə üzvləri sonda ərizə ilə polisə müraciət ediblər.
Qeyd edək ki, F. Saatov əvvəllər ruhi xəstəlikdən əziyyət çəkib və Bakıda 6 aylıq müalicədən sonra normal həyata dönüb. Yaxınları onda nə müalicədən sonrakı müddətdə, nə də toy ərəfəsində xəstəlik əlamətlərinin olmadığını bildirirlər.
Ə. Zamanov F. Saatovun ruhi xəstə kimi qeydiyyatda olduğunu təsdiqləyib və bildirib ki, əldə edilən məlumata görə, Fazil zaman-zaman həyatından gileylənirmiş. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: