Tovuzda hərbi hissədə əsgər ölüb
27 May 2010 Cümə Axşamı 12:30
Tovuzda hərbi hissədə əsgər ölüb. Hadisənin səbəbi hələlik məlum deyil.
Azərbaycanın Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində qulluq edən əsgər naməlum şəraitdə ölüb. Əsgərin yaxın qohumu Binnət Əfəndiyevin ANS PRESS-ə verdiyi məlumata görə, 2009-cu ilin iyul ayında Şamaxı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Elvar Yaqub oğlu Bayramov mayın 25-də Tovuz rayonunda yerləşən hərbi hissədə avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Meyit tibbi ekspertizadan sonra Şamaxı rayonunun Mədrəsə kəndinə gətirilərək ailəsinə təhvil verilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS-ə faktı təsdiqləyərək bildirib ki, E. Bayramov avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib. Rəis müavininin sözlərinə görə, hadisənin tam səbəbi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elvar Bayramov Azərbaycan Dövlət Neft Akademiyasının məzunu olub və onun hərbi xidməti başa vurmasına bir aya yaxın vart qalıbmış. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar