Tərtərə sel gəlib
25 Aprel 2010 Bazar 14:10
10-dan çox ailə gün boyunca evlərindən çıxa bilməyib.
Son günlərdə yağan güclü yağışlar nəticəsində Azərbaycanın Tərtər şəhərində bəzi həyətyanı sahələrə və evlərin yardımçı binalarına ziyan dəyib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Tərtər çayının rayon mərkəzindən keçən Tənək Arxı adlanan qolu Axundov küçəsində məcrasından qismən çıxıb və su bəzi həyətlərə dolub.
Sel suları çayın qolu üzərindəki körpülərdən birini də qəzalı vəziyyətə salıb. Nəticədə 10-dan çox ailə gün boyunca evlərindən çıxa bilməyib. Kənd sakini Qərib Nəsibov deyir ki, dünən axşamdan yağan yağış nəticəsində su hövzəsində yerləşən evlərin hamısına ziyan dəyib:
"Sel 12 evin körpüsünü aparıb. Evdən çıxa bilmirik, çardağın üstündən keçib gedib çörək almışıq".
Qeyd edək ki, dərhal Tərtər rayon Fövqəladə Hallar Komissiyası əraziyə texnika cəlb edib. Arxa gedən suyun qarşısı kəsilib və təhlükə aradan qaldırılıb. Hazırda mütəxəssislər ərazidə araşdırma aparır və dəyən ziyanı müəyyənləşdirir. Ümumilikdə isə son günlərdə yağan yağış nəticəsində bölgədəki dağ çaylarında suyun səviyyəsi 2 dəfə artıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: