Şirvanda baş verən qətl hadisəsinin üstü açılıb
27 Aprel 2010 Çərşənbə Axşamı 23:50
Axtarışda olan şəxsi öldürənlər saxlanılıb.
Aprelin 25-də Şirvan şəhər sakini 1974-cü il təvəllüdlü Xanlari Cahangir Məhəmmədəlirza oğlunun qətlə yetirilməsi barədə məlumat vermişdik. Faktla bağlı Şirvan şəhər polis şöbəsi və Prokurorluq əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin 1 deyil, 2 nəfər olduğu məlum olub.

Şirvan şəhər prokuroru Həsən Hənifəyevin sözlərinə görə, təxirəsalınmaz əməliyyat nəticəsində hadisəni törətmiş Şirvan şəhər sakini Məmmədov Ərəstun Telman oğlu və İdrisova Elmira Ağabala qızı yaxalanıb.

Elmira İdrisova qətlə yetirilən Cahangir Xanlari ilə uzun müddət qeyri-rəsmi nikahda olub. Qadının Cahangiri qətlə yetirmək üçün plan hazırlaması isə səbəbsiz olmayıb. Məlumata görə, əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan 36 yaşlı cahangir azadlığa çıxandan sonra qısa vaxt ərzində beynəlxalq statusa malik narkobarona çevrilib. Onun barəsində axtarış elan oldunduğundan narkobaron doğma vətəni tərk edib. Vətəninə nadir hallarda gələn Xanlari xanımını uzaqdan da olsa daimi nəzarətdə saxlayıb. Uzun fasilədən sonra aprelin 23-ü vətəninə geri qayıtmasının səbəbi də Elmiranın Şirvandakı macəraları haqqında qulağına gələn xoşagəlməz sözlər olub. Elmira ilə söhbət edən Cahangir eşitdiyi şayələri dəqiqləşdirəndən sonra onu məşuqəsi ilə birlikdə öldürəcəyi barədə xəbərdarlıq edib. Bundan sonra 24 yaşlı Ərəstun Məmmədovla yaxın münasibət saxlayan Elmira İdrisova Cahangiri Ərəstunun əli ilə qətlə yetirib.

Hadisə günü Elmira İdrisova Ərəstuna zəng edərək onu evə çağırıb. Ərəstun isə Sirvan şəhəri, Cavadxan küçəsi, 41 saylı evə gələrək yatmış vəziyyətdə olan Cahangir Xanlariyə 6 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Faktla bağlı hər iki şəxs barəsində Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar