Şeremetyevo hava limanında dava düşüb
28 Dekabr 2010 Çərşənbə Axşamı 00:50
Sərnişinlər və hava limanının işçiləri arasında toqquşma olub
Moskvanın “Şeremetyevo” hava limanının “E” terminalında sərnişinlərlə aeroport işçiləri arasında toqquşma olub. Məlumatı Gazeta.Ru saytı şahidlərə istinadən yayıb. Vyana və Banqkoka uçmalı olan, amma iki gündür hava limanında ləngiyən sərnişinlər aeoroport işçiləri ilə dalaşıblar.
Şahidlərin sözlərinə görə, hər iki reysin sərnişinləri ötən gün saat 17.00-da (Bakı vaxtı ilə saat 18.00) pasport yoxalamasından keçsələr də, təyyarələr hələ də yola düşməyib. Üstəlik, uçuşun gözlənilən vaxtı barədə də onlara heç bir məlumat verilməyib.
Xatırladaq ki, Moskvanın “Domodedovo”, “Şeremetyevo” və “Vnukovo” hava limanlarında minlərlə sərnişin təyyarələrinin yola düşməyini gözləyir. Şahidlər və bloqerlər qida ilə bağlı problemlərin olduğunu, tualetlərdə növbələrin yarandığını, ərzaq və suyun qiymətinin artırıldığını bildirirlər. “Domodedovo”da elektrik enerjisi kəsilib, eskolatorlar işləmir, göbzləmə zallarında işıqlar yanmır. Sərnişinlər istidən şikayətlənir, yerə saldıqları qəzetlərin üstündə uzanır, fasiləsiz siqarət çəkir, spirtli içki qəbul edir və söyüş söyürlər.
DOSTLARINLA PAYLAŞ: