Şabranda yenidən meşə yanmağa başlayıb
30 İyul 2010 Cümə 23:25
Yanğın hündür dağ massivindəki meşə sahələrini əhatə edir.
Bu gün saat 21:10 radələrində Şabran rayonunda meşə yanğını qeydə alınıb. Yanğın rayonun ucqar dağ kəndi hesab olunan Zeyvə kəndindən 10 kilometr məsafədə, hündür dağ massivindəki meşə sahələrində baş verib. Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Bəybala Allahyarovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, yanğına qısa zamanda yerli əhali və yaradılmış növbətçilik üzrə ərazidə olan icra nümayəndələrinin köməyi ilə müdaxilə edilib. Ərazinin dağlıq olması səbəbindən yanğının baş verdiyi yerə yanğınsöndürən maşınların çıxması mümkün deyil və bu səbəbdən də yalnız canlı qüvvənin köməyi ilə yanğının qarşısı alına bilər.

Hazırda hadisə yerinə FHN-in Şabran rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Şabran polis şöbəsinin rəis müavini Məmmədmusa Hüseynovun sözlərinə görə, baş vermiş təbii fəalakətin qarşısının alınması üçün əraziyə polis qüvvələri də cəlb edilib.

Ərazidə küləkli havanın müşayiət olunması baş vermiş yanğınların qısa zamanda yayılması ilə nəticələnir. Şabran rayon Fövqəladə Hallar Komissiyasının sədri, rayon icra başçısının birinci müavini Mehdi Balabəyovun sözlərinə görə, bu gün günorta saat 15:00 radələrində həmin kəndin ərazisində kiçik yanğın qeydə alınsa da, qıza zamanda alov söndürülüb.

Qeyd edək ki, rayon rəhbərliyinin göstərişi ilə yanğın baş verməsi ehtimalı olan meşə massivlərində növbətçilik cədvəli üzrə mühafizə dəstələri yaradılıb ki, bu da baş vermiş yanğınlara qısa zamanda müdaxilə edilməsinə imkan verir.

Xatırladaq ki, son günlər şimal bölgəsində meşə yanğınları intensivləşib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar