Qusarda görünməmiş oğurluq
05 Dekabr 2010 Bazar 17:15
Toyuq oğurluğuna gələn "cəsur" silahlı olub
Dünən səhər saat 05.00 radələrində Qusar rayonunun Çiləgiz kəndində 1975-ci il təvəllüdlü Bəhmən Bəylər oğlu Hacıyevə həyətində ov tüfəngilə atəş açılıb. Rayon Polis Bölməsinin istintaq şöbəsinin rəisi Yadigar Quliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Bəhmən Hacıyev səhərə yaxın həyətində səs eşidərək çölə çıxıb. Görüb ki, naməlum şəxs onun həyətindən toyuqları aparmaq istəyir. Oğrunun dalınca qaçanda, hündürboylu naməlum şəxs ona ov tüfəngilə atəş açıb. Ailə üzvlərinin köməyilə B.Hacıyev Qusar rayonu Mərkəzi Xəstəxanasına gətirilib. Qanaxmanın qarşısı alınıb. Lakin onun sağ dirsəyi və sağ budunda qırmanı çıxartmaq mümkün olmayıb. Xəstəxananın cərrahı Qasım Qəribov ANS PRESS-ə verdiyi məlumatda zərərçəkənin həyatı üçün təhlükənin olmadığını bildirib. Ancaq bədənində qalan qırmanı çıxarmaq lazımdır. Həkimlərin birgə rəyinə görə, xəstə Bakıya gətirilməlidir. Hadisə nəticəsində hindən 6 toyuq aparılıb. Hazırda polis şöbəsində hadisəni kimin törətdiyi araşdırılır.
DOSTLARINLA PAYLAŞ: