Qubada fövqəladə vəziyyət
29 Aprel 2010 Cümə Axşamı 19:45
Güləzi kəndində insanların köçürülməsinə başlanılıb.
Bu gün Quba rayonu Güləzi kəndində yaşayan sakinlərin köçürülməsinə başlanılıb. Aprel ayında yağan intensiv yağışlardan sonra uzun müddətdir təhlükəli sürüşmə zolağı kimi tanınan kənddə insanların yaşaması təhlükəli xarakter alıb. Bu gündən etibarən isə kənddə fövqəladə vəziyyət elan olunub və kənddə yaşayışın təhlükəli olması barədə Quba rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə akt tərtib edilib.
Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, kənddə son bir ay ərzində baş verən və son günlərdə daha da intensiv xarakter alan sürüşmə nəticəsində 6 ev tamamilə çöküb, 23 evdə iri çatlar əmələ gəlib. Yaşayış üçün təhlükəli olan bu 29 evdə yaşayan insanların Quba şəhərinin mərkəzində yerləşən boş yataqxanalar, inzibati binalara və qohumlarının evlərinə köçürülməsinə başlanılıb.
Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun sözlərinə görə, ümumilikdə 107-110 hektara yaxın ərazi sürüşmə zonası hesab edilir ki, burada da 189 ev yerləşir. Kəndə gedən yol sürüşmə nəticəsində yararsız vəziyyətə düşdüyündən əhalinin əşyaları kənddən at arabaları ilə çıxarılır.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən kənddə əhalinin bir hissəsinin müvəqqəti məskunlaşması üçün çadırlar quraşdırılıb. İnsanların su, ərzaq tələbatının ödənilməsi üçün kənd ərazisində növbətçi briqada yaradılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: