Qubada 1 hektar ərazi yanıb
29 Avqust 2010 Bazar 13:25
Yanğın rayonun Barlı kəndindəki armud bağlarında baş verib.
Dünən Quba rayonunun Barlı kəndində 3-4 illik armud bağlarında yanğın olub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Quba rayon Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını gəlib. Quba rayon Yanğından Mühafizə Xidmətinin rəisi Əzizağa Qasımovun ANS PRESS-in müxbirinə verdiyi məlumata görə, həmin bağ Qubanın Zərdabi kəndində yerləşən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik bitkilər İnstitutunun təcrübə sahəsidir. Ərazinin 90 sotu özəldir, 60 sot isə institutun təcrübə sahəsinə aiddir. Bu da fermerlərə icarəyə verilib.
Yanğın nəticəsində 1 hektar ərazi yanıb. Fermerlər bağın qəsdən yandırılmasını istisna etmir. Hadisə ilə bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: