Qobuda baş verən cinayətin şok təfərrüatları
16 İyul 2010 Cümə 23:35
Hacı xanımı qətl sifariş etməyə nə vadar edib?
14 iyul 2010-cu il tarixində Abşeron rayonu Qobu qəsəbəsində baş vermiş silahlı insidentin şok təfərrüatları məlum olub. Xatırladaq ki, həmin gün axşam saat 19:00 radələrində Qobu qəsəbəsində silah səsləri eşidilib. Gülləyə tuş gələn isə 1954-cü il təvəllüdlü Ağayev Elxan Fəxrəddin oğlu olub. Bir güllə yarasi alan Elxan vaxtında xəstəxanaya çatdırıldığından sağ qalıb və hazırda onun həyatı üçün heç bir təhlükə yoxdur. Yaralı sağ qaldığından Abşeron rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində fakt tam olaraq ifşa edilib.
Abşeron rayon prokurorluğunun müstəntiqi Mehman Xankişiyevin verdiyi məlumata görə, istintaq müəyyən edib ki, güllə Elxan Ağayevə sifarişlə atılıb. Sifarişi verən isə Qobu qəsəbə sakini, həcc ziyarətində olmuş, 1973-cü il təvəllüdlü Məmmədova Töhfə Tahir qızı tərəfindən verilib. Səbəb isə Elxanın Töhfəni şantaj etməsi olub.
Məlum olub ki, Töhfə Məmmədova xeyli müddətdir ki, Elxan Ağayevlə yaxın münasibətdədirlər. Lakin son aylar ərzində Elxanın bu münasibətlərdən sui istifadə etməsi ciddi mübahisələrə səbəb olub. Bu arada qeyd edək ki, ailəli olan Töhfə Məmmədovanın 1 oğlu da var.
Elxanın Töhfə ilə münasibətləri zamanı etdiyi telefon çəkilişlərindən istifadə edib onun qarşısına şərtlər qoymasından cana yığılan Məmmədova bir neçə müddət fikirləşdikdən sonra onu öldürmək qərarına gəlib və beləcə o, qatil axtarışına çıxıb. Bu məqsədlə o, 2010-cu ilin iyun ayının əvvəllərində uzaq qohumu, Binəqədi rayon sakini, 1970-ci il təvəllüdlü Qasımov Vüqar Tofiq oğluna zəng edərək, onunla vacib məsələ barəsində danışmaq istədiyini bildirib.
Araşdırmalar zamanı məlum olub ki, qətl üçün Məmmədova tərəfindən verilən puldan Vüqar Qasımova da çatacaqmış. Vüqarın sifarişi məhz İlqar Hacıyev adlı şəxsə etibar etməsinə səbəb isə onun əvvəllər polis işləməsi və silahla davrana bilməsi olub.
Məlum olub ki, Elxan yaralanandan sonra ilk olaraq elə Töhfə Məmmədovaya zəng edərək, “məni yaralayıblar, kömək elə” sözlərini deyib.
Törətdiyi əməldən peşiman olmayan 37 yaşlı Töhfə Məmmədova həbs olunmasına heç də heyifslənmir. Çünki Elxanı öldürməyi sifariş verməsindən peşiman deyil. Faktla bağlı isə Abşeron rayon prokurorluğunda sifarişçi Töhfə Məmmədova və ona kömək edən Vüqar Qasımov barəsində Cinayət Məcəlləsinin 29,120.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adamöldürməyə cəhd), İlqar Hacıyev barəsində isə bu maddə ilə yanaşı qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: