Qəbələdə qətliam törədən danışdı: “Peşmanam”
10 İyul 2010 Şənbə 12:20
Hökümalı Ataman oğlu Yusifov özü polisə təslim olub.
İyulun 3-də Qəbələ rayonunun Tikanlı kəndində bir nəfəri öldürən, iki nəfəri yaralayan kənd sakini Hökümalı Ataman oğlu Yusifov dünən axşam tutulub. Bu barədə ANS PRESS-ə Qəbələ rayon Prokurorluğundan məlumat verib.

İşi araşdıran müstəntiq Ədalət Aslanov bildirib ki, H. Yusifov Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində rayonun dağlıq ərazisində həbs olunub. Əməliyyatçılar ikin olaraq onunla telefon vasitəsi ilə əlaqə saxlayıblar. Daha sonra o, əməliyyatçıların yanına gələrək 6 gün dağlarda yaşadıqdan sonra müqavimətsiz təslim olub.

H. Yusifov verdiyi ilkin ifadəsində bildirib ki, törətdiyi əməldən peşmandır. Yalnız o, peşmançılığını dayısı oğlu Qafqazı öldürə bilməməsi ilə əlaqələndirib: “Peşmanam, ona görə ki, məhz Qafqazı öldürə bilməmişəm. İmkanım olsa, indi də onu öldürərəm. O, mənim namusumu ayaq altına alıb”.

Artıq faktla bağlı rayon Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələri ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, iyulun 3-də H. Yusifov qısqanclıq zəminində qanunsuz saxladığı ov tüfəngi ilə dayısı Mürsəl Mirzalı oğlu Quliyevi və onun oğlu Şahmuradı öldürmək istəyib. O, hər iki şəxsə yaşadıqları evin həyətində atəş açıb. O, daha sonra dayısının digər oğlu Nizamini də öldürmək üçün sonuncunun yaşadığı Tikanlı kəndinin Dəmirçi bağları adlanan ərazisinə gedib, həmin tüfənglə onun ürək nahiyəsinə atəş açmaqla qəsdən öldürüb.

Mürsəl və Şahmurad Quliyevlər isə ağır bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasının müvafiq olaraq cərrahiyyə və reanimasiya şöbələrinə yerləşdiriliblər. Onların müalicələri davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar