Qəbələdə oğul atasını qətlə yetirib
31 İyul 2010 Şənbə 11:05
Hadisə ailə münaqişəsi zəminində baş verib.
Azərbaycanın Qəbələ rayonunun Ziring kənd sakini 1991-ci il təvəllüdlü Təkmurad Nazim oğlu Məmmədov 1963-cü il təvəllüdlü atası Nazim Nadir oğlu Məhəmmədovun qarın nahiyəsinə bıçaqla bir zərbə vurub. Baş Prokurorluğun rəsmi saytında yerləşdirilən məlumata görə, ata aldığı xəsarətlə əlaqədar kəskin qanaxma nəticəsində hadisə yerində ölüb. Hadisə iyulun 30-da saat 23.00 radələrində baş verib.Qətlin ailə münaqişəsi zəminində yaşadıqları evdə baş verdiyi bildirilir.
Rayon Polis şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto çəkilişlər aparılmaqla baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.
Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən T.Məmmədov saxlanılıb və o, şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.
Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: