Qaxda təbii fəlakət baş verib
30 May 2010 Bazar 13:40
Qaxda təbii fəlakət baş verib. 150 ev su altında qalıb.
Azərbaycanın Qax rayonunda təbii fəlakət baş verib. APA-nın yerli bürosunun məlumatına görə, mayın 29-da axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti və leysan yağışlar müşahidə olunub.

Leysan yağışlar Qax rayonunda daha çox müşahidə olunub. Qax rayon Fövqaladə Hallar Komissiyasının sədri Tahir İsmayılovun məlumatına görə, ötən axşamdan başlayaraq rayon ərazisinə yağan leysan yağışlar nəticəsində mənbəyi Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən başlayan Qapıçayda suyun səviyyəsi artıb. Qapıçayın məcrasından çıxması nəticədə rayonun 150 evi, 1000 nəfərə yaxın sakini olan Marsan kəndinin bütün evlərini və həyatyanı sahələrini sel suları basıb.

Faktı ANS PRESS-ə Qax Rayon İcra Hakimiyyətindən də təsdiqləyiblər. İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda rayon icra hakimi Musa Şəkiliyev, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və fövqəladə hallar komissiyasının üzvləri təbii fəlakət zonasındadırlar və müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Qapıçay rayonun Ləkid, Qum, Zərnə və Marsan kəndlərinin ərazisindən keçir.

Qax rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, Qapıçayın məcrasından çıxması nəticəsində rayonun Qarabaldır kəndini də su basıb. Kəndin ərazisindən keçən Yevlax-Balakən magistral yolunun bir hissəsi sıradan çıxıb. Buna görə də səhər saatlarından başlayaraq bu magistralla nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Ərazidə ancaq iri həcimli avtomobillərin hərəkət etməsi qismən mümkündü.

Sel sularının törətdiyi fəsadların aradan qaldırılmasından sonra əraziyə baxış keçirilərək, rayona dəymiş ziyanı dəqiqləşdirmək mümkün olacaq.

Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, ötən gecə yağan leysan yağşlar nəticəsində rayona gələn yüksək gərginlikli elektirik xətlərinin Qax rayonu ərazisindən keçən hissəsində qəza vəziyyəti yaranıb. Buna görə də Qax, Zaqatala və Balakən rayonlarının bir sıra ərazilərində elektirik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda yaranmış qəzanın aradan qaldırılması istiqamətində işlər aparır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar