Oğul atasını öldürdü
25 Avqust 2010 Çərşənbə 12:25
Onların hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb.
Kürdəmir rayonunda oğul atasını qətlə yetirib. Bu barədə Baş Prokurorluq rəsmi məlumat yayıb.
Məlumata görə, hadisə avqustun 25-də saat 00:10 radələrində Kürdəmir rayonunun Muradxan kəndində baş verib. Kənd sakini, 33 yaşlı əvvəllər məhkum olunmuş Abdullayev Ruslan İnqilab oğlu yaşadığı evin qarşısında ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı atası – 71 yaşlı, əvvəllər məhkum olunmuş Abdullayev İnqilab Abdulla oğlunu mətbəx bıçağı ilə kürək nahiyəsindən bir zərbə vuraraq qəsdən öldürüb.
Rayon Polis şöbəsindən daxil olmuş həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə foto çəkilişlər aparılmaqla baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
İ.Abdullayevin meyiti daxili müayinə aparılması üçün Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Kürdəmir rayon şöbəsinə göndərilib.
Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən R.Abdullayev saat 06:00 radələrində tutulub.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə)maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: