Nizami məqbərəsi önündə “quldurluq”
20 May 2010 Cümə Axşamı 19:20
Nizami məqbərəsi önündə “quldurluq”. Gəncə sakini özü-özünü bıçaqlayıb.
Dünən Gəncə şəhərində uydurma bir qarət hadisəsi başverib. Gəncə şəhər sakini Elnur Əhmədov adlı şəxs Kəpəz rayon polis şöbəsinə müraciət edərək üç nəfər naməlum şəxsin hücumuna məruz qaldığını və qarət olunduğunu bildirib.
Zərərçəkənin sözlərinə görə, üç nəfər onun idarə etdiyi taksiyə əyləşərək onları aparmasını istəyiblər. Onlar Gəncədəki Nizami məqbərəsinin önünə çatdıqda isə müştərilər avtomobili saxlamağı xahiş ediblər. Bıçaqla silahlanan naməlum şəxslər sürücünü hədələyərək ondan pul tələb ediblər. Zərərçəkən bildirib ki, mübahisə zamanı onun boğazına və əllərinə bıçaqla zərbə yetirən şəxslər 200 manat pulunu alaraq qaçıblar.
Təhqiqata başalayan polis əməkdaşları zərərçəkənin ifadələrində bəzi maraqlı məqamları müəyyən ediblər. Təhqiqat zamanı müəyyən edilib ki, zərərçəkən bıçaqla özü-özünə xəsarət yetirib.
Kəpəz rayon polis şöbəsinin rəisi Ədalət Sadıqov bildirib ki, Gəncədə çörəkbişirmə sexində işləyən Elnur Əhmədov işəgötürənə yaranmış 450 manat borcunun bağışlanması üçün belə bir üsula əl atıb. Faktla bağlı Elnur Əhmədov barəsində Cinayət Məcəlləsinin 296-cı (bilə-bilə yalan xəbərçilik etmə) maddəsi ilə cinayət işi başlanılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: