MTN mobil telefon dələduzlarını ifşa edib
24 İyun 2010 Cümə Axşamı 18:10
Saxlanılan şəxslər vətəndaşların kontur kartlarının şifrələrini ələ keçirirmişlər.
Mobil telefonlar üçün danışıq kartlarının şifrələrini ələ keçirirək paytaxtda dələduzluqla məşğul olan dəstə üzvləri ələ keçirilib. Bu barədə ANS PRESS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat daxil olub.
Məlumatda qeyd edilir ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, bir qrup şəxs - Yadigarov Etibar Əvəz oğlu, Hüseynov Ceyhun Yusif oğlu, Hüseynov Elnur Yusif oğlu, Mehdiyev Elçin Kamal oğlu, Məmmədov Ramin Nizami oğlu, Quliyev Elxan Yusif oğlu və başqaları cari ilin yanvar-may aylarında dələduzluq yolu ilə mobil rabitə operatorlarının kontur kartlarının şifrələrini əldə ediblər. Bu məqsədlə həmin şəxslər müxtəlif nömrəli mobil telefonlardan vətəndaşlara “Azercell” Birgə Müəssisəsinin adından abunəçinin balansının artmasını göstərən saxta SMS-lər göndərərək kütləvi şəkildə dələduzluq əməliyyatları həyata keçirməklə, aldatma yolu ilə vətəndaşların müxtəlif nominallı kontur kartlarının şifrələrini əldə ediblər. Eyni zamanda həmin kontur kartlarının şifrələrini sonradan satış məqsədilə mobil telefonlar vasitəsi ilə konkret şəxslərə göndəriblər.
Baş Prokurorluğa daxil olmuş həmin material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: