Milli Ordunun 3 əsgəri şəhid olub
18 Fevral 2010 Cümə Axşamı 20:35
Nəcməddin Sadıxov: "Ermənilər Azərbaycan ordusunun apardığı təlimlərlə əlaqədar fəallaşıb"
Bu gün Azərbaycan Milli Ordusunun daha bir əsgəri şəhid olub. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, 2009-cu ilin oktyabr ayında Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Rüstəmov Davud Rüstəmmuradov. Günün ikinci yarısında Tərtər rayonunun Qapanlı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Milli Ordunun əsgəri başından güllə yarası alaraq şəhid olub.
Qeyd edək ki, bu gün ərzində Azərbaycan Milli Ordusunun üç əsgəri şəhid oluan üçüncü əsgəridir. Bu gün saat 13:00 radələrində Ermənistan Silahlı Qüvvələri Tərtərin işğal altında olan Talış kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində yerləşən mövqelərini atəşə tutması nəticəsində Milli Ordunun əsgəri, Şəki rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmış Sahil Novruz oğlu Məmmədov düşmən gülləsinə tuş gəlib. Saat 15:00 radələrində isə Ağdam rayonun işğal altındakı Gülçülük Savxozu ərazisindən ermənilərin atəş açması nəiticəsində əsgər Xəyal Bəşər oğlu Fərəcov həlak olub. O, Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıbmış.
Cəbhənin Tərtərin Qapanlı kəndi istiqamətində atəşkəsin pozulması nəticəsində isə milli ordumuzun bir əsgəri yaralanıb. O, hospitala yerləşdirilib.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıxov ANS-ə açıqlamasında qarşı tərəfin Azərbaycan Silahlı Qüvvələrinin apardığı təlimlərlə əlaqədar xüsusi fəallaşdığını qeyd edib və xəbəri təsdiqləyib. General-polkovnik bildirib ki, Azərbaycan tərəfindən adekvat tədbirlər görülüb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə bildirib ki, həqiqətən də bu gün atışma baş verib. “Milli Ordunun 3 əsgəri şəhid olub. Bir nəfər isə yaralıdır. Hazırda onun vəziiyyəti kafidir”,- deyə o vurğulayıb.
O həmçinin bildirib ki, qarşı tərəfin itkisi bizdən az deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: