Lənkəranda yol qəzasında 4 nəfər yaralandı
30 Yanvar 2010 Şənbə 23:15
Hadisə hər iki sürücünün yüksək sürətlə hərəkət etməsi səbəbindən baş verib
Bu gün saat 18:00 radələrində Lənkəran rayonu Sutəmurdov kəndi ərazisində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lənkəran şəhəri istiqamətində hərəkətdə olan şəhər sakini, 1986-cı il təvəllüdlü Nağıyev İlkin Əlimirzə oğlunun idarə etdiyi “Vaz 2106” markalı 10-LH-186 dövlət nömrə nişanlı avtomaşın Gərmətük qəsəbəsi istiqamətində hərəkət edən, həmin qəsəbənin sakini, 1981-ci il təvəllüdlü Malik Qasımovun idarə etdiyi “Vaz 2107” markalı 42 BX-277 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Nəticədə hər iki maşında olan sərnişinlər və sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.
Hadisə nəticəsində sərnişinlərdən Gərmətük qəsəbə sakini 28 yaşlı Nazim Rzayev, şəhər sakini 24 yaşlı Amil Muradov, Gərmətük qəsəbə sakini 29 yaşlı Malik Qasımov, Darquba kənd sakini Qafar Əsgərov xəsarət alıb və onlara ilkin tibbi yardım edildikdən sonra 3 xəstə ambulator müalicəyə buraxılıb. Lənkəran şəhər polis şöbəsinin və yol polisinin əməkdaşları hadisə yerində olub. İşi araşdıran Lənkəran şəhər polis şöbəsinin baş müstəntiqi Elnur Məmmədovun verdiyi məlumata görə hadisə hər iki sürücünün yüksək sürətlə hərəkət etməsi və əks istiqamətdə hərəkət edən “Vaz 2106”nın “Vaz 2107”nin qabağına qəfil çıxması səbəbindən baş verib. Hadisənin baş verməsinin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizadan sonra məlum olacaq.Faktla bağlı Lənkəran şəhər polis şöbəsində araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: