Lənkəran sakininin bütün əmlakı yanıb
20 Aprel 2010 Çərşənbə Axşamı 23:45
Baş verən yanğın hadisəsi zamanı xəsarət alan olmayıb.
Bu gün Lənkəran rayonunda saat 19:40 radələrində yaşayış evində yanğın hadisəsi baş verib. Rayonun Velədi kənd sakini, 1959-cu il təvəllüdlü Sədrəddin Seyidağa oğlu Hacıyevə məxsus iki mərtəbəli, səkkiz otaqlı fərdi yaşayış evi yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını göndərilsə də, tikilinin yalnız birinci mərtəbəsinin müəyyən hissəsində yanğının qarşısını almaq mümkün olub.
Xəsarət alan olmasa da, sahəsi 170 kvadratmetr olan evin ümumilikdə 80 kvadrat metr sahəsi, o cümlədən ev sahibinə məxsus xeyli məişət avadanlığı, 8 min manat pul, 40 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları, şəxsi sənədlər yanaraq kül olub.
İlkin versiya kimi yanğına elektrik xəttinin qısaqapanmasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: