İş adamına silahlı basqın
13 İyul 2010 Çərşənbə Axşamı 10:40
Bakıda iş adamına silahlı basqın olub. Canilər vətəndaşın maşınını alaraq hadisə yerindən qaçıblar.
Bakıda iş adamına silahlı basqın olub. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə iyulun 12-dən 13-nə keçən gecə Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Bizneslə məşğul olduğu bildirilən Bakı şəhər sakini Emin Məmmədov özünə məxsus mağazadan çıxaraq avtomobilinə əyləşərkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Basqınçılar iş adamına tapança ilə hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb ediblər. E. Məmmədovun üzərində pul olmadığından onlar iş adamının idarə etdiyi “Hyundai” markalı avtomobili əlindən alaraq hadisə yerindən qaçıblar.
Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən quldurluq maddəsi ilə cinayət işi qaldırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: