Həlak olan pilotun cəsədi tibbi ekspertizadan keçirilib
04 Mart 2010 Cümə Axşamı 15:35
Eyni zamanda RHP tərəfindən başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir
Tovuz rayonu ərazisində təlim uçuşları zamanı qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Su-25” təyyarəsinin həlak olan pilotunun cəsədi tibbi ekspertizadan keçirilib. Respublika Hərbi Prokurorluğunun (RHP) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Müdafiə Nazirliyi HHQ-ya məxsus “Su- 25” təyyarəsinin təlim uçuşları zamanı qəzaya uğraması ilə əlaqədar RHP tərəfindən başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Məlumatda bildirilir ki, istintaq qrupu tərəfindən məhkəmə tibbi ekspertləri və mütəxəssislərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılmaqla qəza nəticəsində həlak olan pilotun meyitinin məhkəmə tibbi ekspertizası keçirilib, qəzaya uğrayan təyyarənin hissələri, eləcə də, iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb.
Qeyd edək ki, hazırda respublika hərbi prokurorunun müavini Şəfahət İmranovun rəhbərliyi ilə yaradılmış istintaq qrupu tərəfindən hadisənin başvermə şəraiti və səbəbləri araşdırılmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, dünən saat 17.00 radələrində Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı Azərbaycan HHQ-ya məxsus “Su-25” hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli hadisə nəticəsində həlak olub. Əslən Ağsu rayonundan olan pilot üç uşaq atasıdır. Famil Məmmədli Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birinin qərargah rəisi imiş. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: