Dilənçilikdən oğurluğa doğru
21 Dekabr 2010 Çərşənbə Axşamı 19:25
Vaxtilə dilənçilik edən şəxs imkanlı şəxslərin evlərini gələcək fəaliyyəti üçün gözaltı edirmiş
Astara rayonunun Kələdəhnə kənd sakini, 42 yaşlı İlqar Ağabala oğlu Əhədov oğurluq üçün Lənkəranı məkan seçib. Bu da təsadüfi deyil. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, İlqar Əhədov bundan öncə Lənkəranın kəndlərində dilənçilik edərək özü demişkən ailəsi üçün çörəkpulu qazanıb. Amma sən demə, İlqar qapıları boşuna gəzməyib, gördüyü imkanlı şəxslərin evlərini gələcək fəaliyyəti üçün gözaltı edib. Bunun üçün isə gecə saatlarını seçib. Ötən gecə saat 03.00 radələrində o, Gərmətük qəsəbə sakini Nahid Seyidağa oğlu Həsənovun evindən oğurluq edərkən yaxalanıb. Lənkəran polisi "əməliyyatı" başa çatdırmağa ona macal verməyib.
Rayonun polis şöbəsinin istintaq bölməsinin rəisi Polad Mehdiyevin sözlərinə görə, Əhədov İlqar Nahid Həsənovun evinə pəncərədən daxil olmaqla, evdə saxlanılan 854 manat dəyərində divar kağızı oğurlayıb. Oğurladıqlarını apararkən isə polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanıb, araşdırma parılır. Məlumat üçün deyək ki, bu İlqarın ilk məhkumluğu olmayacaq. 3 uşaq atası bundan əvvəl narkotik qəbul etdiyinə görə 1 il 8 ay məhkumluq həyatı yaşayıb. İlkin istintaqa verdiyi ifadəsində o, tutduğu əməldən peşiman olduğunu, oğurluq hadisəsini maddi imkansızlıq ucbatından etdiyini bildirib. Hazırda istintaq İlqar Əhədovun digər oğurluq hadisəsində əlinin olub-olmadığını araşdırır.
DOSTLARINLA PAYLAŞ: