Çatda başlayan söyüşmə sonda bıçaqlanma ilə bitdi
31 May 2010 Bazar Ertəsi 23:30
Hadisə 1 saylı orta məktəbin həyətində baş verib.
Metronun Sahil stansiyasının yaxınlığında yerləşən 1 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi baş verib. Hadisəni paytaxt sakini Röyal Nəzərov şəxsi münaqişə zəminində törədib. Hadisəni törətdikdən sonra polisə təslim olan Röyal Nəzərov ifadəsində bildirib ki, Əli Məmmədovla onun arasında münaqişənin təməli elə həmin gün internetdə qoyulub.

Röyalın dediyinə görə, çatda “Sabina” ləqəbli bir xanımla mübahisə edən vaxt Əli Məmmədov yuyulmamış çömçə kimi özünü ortaya ataraq öz söyüşləri ilə söhbətə müdaxilə edib. Bundan sonra təhqirlər qarşılıqlı müstəvidə davam edib.

Konkret olaraq söyüşü Röyala ünvanlamadığını deyən Əli qarşılıqlı təhqirlərin sonunda onu duelə çağırıb. Röyal bazardan 5 manata bıçaq alaraq görüşə “hazırlıqlı” vəziyyətdə gedib.

Bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə çatdırılan Əli Məmmədovun ilkin müayinəsi zamanı bıçağın daxilə nüfuz etmədiyi məlum olub. Onun üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra Əli müalicəsini davam etdirmək üçün palataya yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Nəsimi RPİ-nin müstəntiqi Cövdət İsgəndərovun sözlərinə görə, faktla bağlı rayon Polis İdarəsində Röyal Nəzərova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətmə) maddəsi ilə cinayət işi başlanıb.

Müstəntiq bildirib ki, Əli Məmmədovun xəsarətlərinin ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün təyin olunan ekspertizanın vercəyi yekun rəyə uyğun olaraq Röyalın əməlinin daha ağır maddələrə tövsif olunması istisna olunmur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar