Beyləqanda ev quşları kütləvi şəkildə tələf olub
22 Oktyabr 2010 Cümə 17:35
Quşların tələfatının səbəbi məlum olub.
Beyləqan rayonunun Əlinəzərli kəndində ev quşları son iki gün ərzində kütləvi şəkildə tələf olub. Bu barədə kənd sakini Səhrəddin Muradov ANS PRESS-ə bildirib. Onun sözlərinə görə, iki gecənin içində bütün toyuq-cücəsi tələf olub.
"İki gündür ki, bütün ev quşları qırılır. Kənddə ümumilikdə 200-ə yaxın quş tələf olub. Toyuq-cücə, hind toyuğu və digər ev heyvanları məhv olub. Baytarlıq xidmətindən də gəliblər, analiz götürüb gediblər. Amma quşların nə səbəbdən tələf olduqları hələ də naməlum olaraq qalır. Baytarlıqdan bizə tələfatın səbəbini deyə bilmirlər”, söyləyən Səhrəddin quşlarda hansısa infeksion xəstəliyin yayılmasından ehtiyat edir.
Səhrəddin onu da bildirdi ki, ev quşları təkcə Əlinəzərli kəndində deyil, qonşu kəndlərdə də kütləvi halda qırılır.
Məsələ ilə əlaqədar Beyləqan rayon Baytarlıq Xidmətinin baş həkimi Nizami Bayramov ANS PRESS-ə açıqlamasında ölmüş cəsədlərdən götürülən analizlərin cavabının artıq hazır olduğunu bildirdi. Onun sözlərinə görə, kənddə ev quşlarının qırılmasına səbəb heyvanların saxlanma şəraitidir.
“Artıq analizlərin cavabı hazırdır. Ev quşlarında heç bir infeksion xəstəlik aşkarlanmayıb. Sakinlər heyvanlarda quş qripinin olmasından ehtiyat edirdi. Amma analizlərin cavabı mənfi çıxıb. Yəni, ev quşlarında heç bir xəstəlik aşkarlanmayıb. Onların kütləvi ölümünə səbəb yalnız heyvanların saxlanılma şəraitinin pis olmasıdır. Rayonun başqa kəndlərində ev quşlarının qırılması haqqında isə bizdə heç bir məlumat yoxdur”, - deyə Nizami Bayramov vurğuladı. anspress
DOSTLARINLA PAYLAŞ: