Bərdə sakini 14 kiloqram narkotiklə tutuldu
22 İyun 2010 Çərşənbə Axşamı 23:05
Bərdə sakini fəhləlikdən canını qurtarmaq istəyirmiş.
Binəqədi rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin satışı ilə məşğul olan Bərdə rayon sakinini saxlayıb. 46 yaşlı Məmmədov Rəfael Əhəd oğlunun yaxalanması İdarəyə daxil olan əməliyyat məlumatı əsasında baş tutub. Onun üzərinə baxış keçirilən zaman əlindəki iki ədəd sellofan torbadan ümumilikdə çəkisi 14 kiloqram 150 qram olan qurudulmuş marixuana aşkar olunub. Torbaları ilə birlikdə İdarəyə gətirilən Məmmədov istintaqa verdiyi ilkin ifadəsində narkotiki satmaq məqsədilə əldə etdiyini etiraf edib.

Rəfael onu da bildirib ki, əslində o, narkotiki bir müddət əvvəl aldığı sifariş əsasında gətirib. Belə ki, uzun müddətdir Bakıda fəhlə bazarında işləyən Rəfael orada adı hələlik istintaqa məlum olmayan birisi ilə tanış olub. Tanışlıqlarının ikinci günündə isə həmin şəxs Məmmədova az əziyyət çəkib daha çox pul qazanmaq üçün xüsusi təklif verib. Rəfael sifariş əsasında Bərdədən Bakıya gətirdiyi malı 3-5 min manat arası qiymətə satmalı imiş.

İki dəfə məhkumluq həyatı yaşayan Rəfaeli indi üçüncü məhkumluq həyatı gözləyir. Çünki faktla bağlı rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsinin müvafiq bəndi ilə cinayət işi başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar