Balaxanı sakini evində narkotik becərirmiş
21 Aprel 2010 Çərşənbə 00:00
Balaxanı sakininin evindən 40 ədəd xüsusi qulluq edilmiş narkotik bitki aşkar olunub.
Sabunçu rayon Polis İdarəsi və 12-ci polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olan Balaxanı qəsəbə sakini Dostəliyev Etibar Famil oğlunu saxlayıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Etibar özünəməxsus həyətyanı sahədə tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməklə məşğul olurmuş.

Sabunçu RPİ-nin müstəntiqi Vüqar Ağayevin sözlərinə görə, Etibar Dostəliyevin evinə baxış zamanı 40 ədəd xüsusi qulluq edilmiş narkotik xassəli kənad bitkisi aşkar olunub. Həmçinin mənzildə aparılan axtarış işləri zamanı 5,7 qram marixuana da aşkar edilib.

Etibar Dostəliyev narkotik maddələrin aludəçisi olduğuna görə, şəxsi istifadəsi üçün həyətində bu maddələri əkdiyini, mənzilindən aşkar olunan qurudulmuş marixuananı isə 30 manat müqabilində aldığını söyləyib. “Peşiman deyiləm, niyə peşiman olmalıyam. Ölənə qədər çəkəcəm”,-deyə saxlanılan şəxs ifadəsində bildirib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Etibar Dostəliyev barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq çəkidə əldə etmə və ya saxlama), həmçinin 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələri ilə cinayət işi başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar