Balaxanı qəsəbəsində nəqliyyat davası
02 Avqust 2010 Bazar Ertəsi 17:30
340 saylı avtobusun bağlanmasına səbəb nədir?
Sabunçu rayonu Balaxanı qəsəbəsi və Əzizbəyov metrosu istiqamətində işləyən 340 saylı nəqliyyatın fəaliyyəti dayandırılıb. Bu barədə Balaxanı qəsəbə sakinləri ANS PRESS-ə şikayətində bildirib. Şikayətçi Balaxanı qəsəbə sakini Lətafət Məmmədova 340 saylı avtobusun artıq iki həftədir bağlandığını bildirib. 340 saylı avtobusun əvəzinə isə mövcud 15 saylı nəqliyyatın yolu uzadılıb. “Əvvəllər 340 nömrəli avtobus Balaxanı qəsəbəsindən Əzizbəyov metrosuna birbaşa gedirdi. Qəsəbədən metroya cəmi 20-25 dəqiqəyə çatmaq olurdu. İndi 15 saylı avtobus Balaxanı qəsəbəsindən Sabunçu və Razini də fırlanaraq Neftçilər metrosuna gedir. Bir sözlə Balaxanı qəsəbəsindən metroya bir saatdan gec çatırsan”, -deyə Lətafət Məmmədova qeyd edib.

Məsələ ilə əlaqədar 340 saylı nəqliyyatın sahibi Hacı Bəxtiyarla əlaqə saxladıq. Avtobusun bağlanmasının sifarişli olduğunu bildirən Hacı Bəxtiyar marşurutun bağlanmasının qanunsuz olduğunu vurğulayıb. “Biz bütün nəqliyyat sahibləri kimi ayda 57 manat dövlət rüsumu və 250 manat əlavə haqq verirdik. Əvvəl bizə dedilər ki, avtobuslar kiçik tutumludur, onları dəyişmək lazımdır. Biz də “Otoyol” markalı avtobuslar sifariş verdik. Üstündən iki gün keçməmiş bildirdilər kiŞ artıq sabahdan marşurutlarınız xəttə çıxmasın” söyləyən Hacı Bəxtiyar 50 min manat ziyana düşdüklərini bildirib.

Problemlə bağlı Bakı Sərnişinnəqliyyat MMC-nin “sərnişindaşıma” şöbəsinin müdiri Yunis Abdullayev ANS PRESS-ə açıqlamasında 340 saylı avtobusun bağlanmasının Nəqliyyat Nazirliyinin yeni optimallaşma proqramına uyğun olduğunu bildirib. “Bu ərazidə bir-birini təkrarlayıcı marşrut olduğu üçün Dövlət Proqramına əsasən 340 saylı avtobusun fəaliyyəti dayandırılıb. Bu istiqamətlə hərəkət edən 15 saylı nəqliyyatın yolu Yeni Balaxanı massivinə qədər uzadılıb. İndi 15 saylı marşrut Sabunçu, Razin və Balaxanı qəsəbəsini tam əhatə etməklə, Neftçilər metrosu istiqamətində hərəkət edir. Əvvəllər 15 saylı avtobuslar arasında vaxt intervalı 10 dəqiqə idi. İndi arada olan vaxt itkisini nəzərə alaraq, interval 5 dəqiqəyə qədər azaldılıb. Hazırda xəttdə olan 15 saylı avtobusların sayı 20 qədərdir. Gələcəkdə, yəni yeni dərs ilində insan faktorunun çoxluğunu nəzərə alaraq, həmin marşrutların sayı çoxaldılacaq. Bu zaman arada olan vaxt intervalı da 2-3 dəqiqəyə enəcək”, - deyə o vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar