Bakıya gələn yük qatarı adam vurdu
17 May 2010 Bazar Ertəsi 20:20
Bakıya gələn yük qatarı adam vurdu. Siyəzən sakini hadisə yerində keçinib.
Bu gün saat 18:00 radələrində Siyəzən rayonunun Qızılburun dəmiryolu stansiyası ərazisində ölümlə nəticələnən qəza baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Rusiyadan Azərbaycan gələn yük qatarı Azərbaycan Dövlət Dəmir Yolunun 2500-cü kilometrliyinin 5-ci piketində piyadanı vurub.
Qəza nəticəsində 1968-ci ildə Şabran rayonunun Dağquşçu kəndində doğulan və Siyəzən şəhəri, Əzizbəyov küçəsi 49 ünvanında qeydiyyatda olan Aydın Rəcəbəli oğlu Məhərrəmov elə hadisə yerində dünyasını dəyişib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Dəmiryolu Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşları və Siyəzən rayon prokurorluğunun əməkdaşları gəliblər. Xaçmaz xətt polis şöbəsinin rəisi Fəxrəddin Muradovun sözlərinə görə, ilkin ehtimallara görə, həmin şəxs özünə məxsus “jiquli” markalı avtomaşını dəmiryolunun kənarında saxlayaraq, özünü qatarın altına atıb.
Hadisə ilə bağlı hazırda Siyəzən rayon prokurorluğunda araşdırma aparılır. Mərhumun meyiti Şabran rayon morquna göndərilib. Aparılan tibbi ekspertiza və rayon prokurorluğunun araşdırmalarından sonra ölümün səbəbləri və hadisənin təfərrüatları məlum olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: