Bakıda zəncirvari qəza baş verib
05 Aprel 2010 Bazar Ertəsi 11:50
Avtomobilin nömrəsini açan sürücü hadisə yerindən uzaqlaşıb
Bu gecə paytaxtın Səbail rayonu ərazisində 3 avtomaşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Neftçilər prospektində qeydə alınan qəzada əzilən avtomaşınlardan ikisi “VAZ-2107”, digəri isə “Hundai” markalı maşın olub.

Hadisə şahidlərinin ANS TV-yə bildirdiyinə görə, “Hundai” əvvəlcə Əkbər Mahmudovun idarə etdiyi “Jiquli” ilə toqquşub. Sonuncu maşın isə Mikayıl Rzayevin idarə etdiyi “VAZ-2107”yə çırpılıb.

Qəza nəticəsində xəsarət alan sürücü Əkbər Mahmudovun xəsarətləri ağır olduğundan o, 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəyə lazımı tibbi yardım göstərilib və Mahmudov hazırda müalicəsini xəstəxananın reanimasiya şöbəsində davam etdirir.

Qeyd edək ki, qəzadan sonra “Hundai”ın sürücüsü avtomaşının dövlət qeydiyyat nişanını da açaraq hadisə yerindən uzaqlaşıb. İlkin ehtimallara görə isə yol-nəqliyyat hadisəsi də elə “Hundai” markalı avtomaşının sürücüsünün səhlənkarlığı və sürət həddini aşması nəticəsində qeydə alınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar