Bakıda yaşayış evinin tavanı uçdu
18 May 2010 Çərşənbə Axşamı 02:40
Hadisə Yasamal rayonunda 100-dən artıq yaşı olan binada baş verib.
Bu gecə Bakının Yasamal rayonu ərazisindəki birmərtəbəli köhnə yaşayış evlərindən birinin tavanı uçub. Hadisə Salatın Əsgərova küçəsindəki 74 saylı həyətdə qeydə alınıb. Xoşbəxtlikdən uçqun zamanı evdə heç kim olmayıb. Buna görə də hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.

Qeyd edək ki, uçmuş ev 20 ilə yaxındır qəzalı vəziyyətdə olub. Son illər isə orada yaşamaq xüsusilə təhlükəli olduğundan evin sahibi Nazim Quliyev ailəsi ilə birlikdə kirayədə yaşamağa üstünlük verib. Uçan evin qonşuluğundakı evdə yaşayanlar isə deyir ki, bu evlər 19-cu əsrdə tikilib və 100-dən artıq yaşı var. Buna görə də, bu cür aqibət onların evini də gözləyə bilər.

Sakinlərin arzusu buradan tezliklə köçürülmələridir. Yeri gəlmişkən, onların dediyinə inansaq, adiyyəti qurumlar Salatın Əsgərova küçəsindəki 74 saylı həyətdə yerləşən evlərin qəzalı olması barədə çoxdan rəy verib. Amma nədənsə bununla bağlı heç bir konkret addım atılmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar