Bakıda Türkiyə vətəndaşı bıçaqlanıb
21 Aprel 2010 Çərşənbə 06:20
Türkiyə vətəndaşı İsmayıl Ciftçi axşam saatlarında evinə qayıdarkən naməlum şəraitdə bir neçə bıçaq zərbəsinə məruz qalıb.
Bu gecə paytaxtın Binəqədi rayonu ərazisində bir Türkiyə vətəndaşı bıçaqlanıb. Hadisə 7-ci mikrorayon ərazisi, Atatürk prospekti yaxınlığında baş verib. Belə ki, Bakıda məskunlaşmış 33 yaşlı Türkiyə vətəndaşı İsmayıl Ciftçi axşam saatlarında evinə qayıdarkən naməlum şəraitdə bir neçə bıçaq zərbəsinə məruz qalıb. Zərərçəkmişi xəstəxanaya hadisə şahidləri çatdırıblar. Xəstəxanaya daxil olarkən xeyli qan itirən İsmayıl təcili əməliyyat otağına çatdırılıb və onun üzərində cərrahi əməliyyat aparılıb. Dörd saatdan artıq davam edən əməliyyatdan sonra yaralı sonrakı müayinə və müalicə üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları Binəqədi rayon polis idarəsinin və 5-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır. Faktın qeydə alındığı ünvana baxış keçirilərək hadisə şahidlərinin ifadələri alınıb.
Yaralı Türkiyə vətəndaşının dindirilməsi isə səhhətinin ağır olması ilə əlaqədar hələlik mümkün olmayıb.
Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət məcəlləsinin 126.1, qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: