Bakıda qardaş oğlu əmisini soydu
09 Dekabr 2010 Cümə Axşamı 11:10
O, ifadəsində bildirib ki, məqsədi dostlarına olan borcunu ödəmək, qalan məbləğlə isə barlarda qızlarla kef çəkmək olub
Bakıda mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 3-də B.Nuriyev küçəsində yaşayan Elçin Ağayevin mənzilindən açar seçmə yolu ilə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Zərərçəkənin şikayəti əsasında Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mustafa Ağayev dekabrın 8-də tutularaq istntaqa təhvil verilib.
24-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Mustafa Ağayev Elçin Ağayevin qardaşı oğludur. 11-ci sinifdə oxuyan, əslən Cəlilabad rayonundan olan M. Ağayev əmisinin evində yaşayırmış. O, polisə verdiyi ifadəsində bildirib ki, oğurluq etməkdə məqsədi dostlarına olan borcunu ödəmək, qalan məbləğlə isə barlarda qızlarla kef çəkmək olub.
Araşdırmalar davam edir.
DOSTLARINLA PAYLAŞ: