Bakıda milyonçu oğru həbs edilib
15 İyul 2010 Cümə Axşamı 16:50
Ramin Soltanov oğurladığı pullar və qızıl-zinət əşyaları hesabına özünə çoxlu avtomobil və mənzillər alıb.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi Bakıda silsilə oğurluqlar törədən şəxsi həbs edib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
BŞBPİ-nin Cinayət Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində martın 7-də S. Vəzirov küçəsində Seyfəli Məmmədovun mənzilindən dəmir barmaqlıqları sındırmaq yolu ilə qızıl-zinət əşyaları oğurlayan Ramin Soltanov iyulun 10-da yaxalanıb. Araşdırmalar zamanı məlum olub ki, R. Soltanov ilk dəfə 1999-cu ildə oğurluq cinayətində təqsirli bilinərək, Nizami RPİ-nin əməkdaşları tərəfindən tutulub. Həmin vaxt 20 epizod üzrə oğurluq əməlində təqsirli bilinən R. Soltanov 3 il həbs cəzası çəkib. O, 2002-ci ildə həbsdən buraxılıb. 3 uşaq atası olan R. Soltanov Xətai rayonu, III Əhmədli küçəsində qeydiyyatda olsa da, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” yaşayış massivində yaşayıb.
Aparılan araşdırmalar zamanı həmçinin R. Soltanovun milyonçu olduğu məlum olub. Əməliyyat qrupu R. Soltanovun Bakı şəhərində yerləşən çoxsaylı mənzillərdən oğurladığı qızıl-zinət əşyaları və pullarla özünə 4 ədəd xarici markalı bahalı avtomobil aldığını müəyyən edib. R. Soltanov “Hyundai-Genesis”, “Hyundai-İ”, “Toyota-Prado” və “Toyota-Yaris” markalı maşınları müxtəlif məqsədlər üçün istifadə edib. Oğurluğa isə o, “Toyota-Prado” ilə gedirmiş. Bundan əlavə, R. Soltanovun Hövsan qəsəbəsində villasının olduğu müəyyənləşib. R. Soltanov Şağan qəsəbəsində torpaq sahəsi alaraq daha bir evin bünövrəsini qoyub.
Araşdırmalar zamanı məlum olub ki, R. Soltanovun şəxsi həyatı kimi, cinayət praktikası da zəngindir. Belə ki, Nərimanov, Yasamal və Xətai rayonları ərazisində oğurluq edən R. Soltanov 2008-ci ilin dekabrın 4-də M. Mehdizadə küçəsində Nazilə Əhmədovanın, 2009-cu ilin aprel ayının 8-də Xocalı prospektində Polad Paşayevin, mayın 25-də Y. Səfərli küçəsində Aynur Aytarın, iyunun 16-da A. M. Cümə küçəsində Emil Məlikovun, dekabrın 14-də Mətbuat prospektində Vüsal Allahverdiyevin, dekabrın 15-də Dəmirçizadə küçəsində Samir Qaraşovun, dekabrın 25-də S. Vəzirov küçəsində Qadir Həsənovun mənzilindən pul və qızıl-zinət əşyaları oğurlayıb. R. Soltanov 2010-cu ilin yanvar ayının 6-da Orucəliyev küçəsində Gelena Axmedovanın, fevralın 17-də Tağızadə küçəsində Heydər Tağıyevin, fevralın 22-də Senyuşkin küçəsində Ramin Məmmədovun evindən pul və qızıl zinət əşyaları oğurladığı məlum olub. R. Soltanov bütün bu oğurluq faktları ilə yanaşı mart ayının 4-ü, 7-i, 10-u və 16-sı tarixlərində Rüfət İsmayılovun, Seyfəli Məmmədovun, Rövşən Əliyevin və Namiq Ələsgərovun mənzilindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Barəsində məhkəmənin hökmü ilə həbs qət-imkan tədbiri seçilən R. Soltanovun barəsində Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır. APA
DOSTLARINLA PAYLAŞ: