Bakıda güləşci ölümcül yandı
24 Noyabr 2010 Çərşənbə 17:30
O, hazırda komadadır
Bu gün Bakıda bir nəfərin yanması ilə nəticələnən yanğın hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, saat 13.37 radələrində bölməyə Qaraçuxur qəsəbəsi, Tofiq Şirinov 7/4 ünvanında yerləşən Səyyar İbrahimova məxsus 3 otaqlı fərdi yaşayış evində təbii qazın sızmasından partlayış baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupu ilə yanğınsöndürənlər cəlb olunub. Partlayışdan sonra baş verən yanğın söndürülsə də evin böyük bir hissəsi və orada kirayə yaşayan Cəlilabad rayon sakini, 25 yaşlı Emin Rəhman oğlu Tağıyev ciddi yanıq xəsarəti alaraq təcili yardım xidmətinin maşını ilə 5 saylı şəhər Kliniki Xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, yaralı 3-cü dərəcəli yanıq xəsarəti ilə qəbul edilib. Onun tənəffüs yollarının yuxarı hissəsində və bədəninin digər nahiyələrində ağır xəsarətlər olub. Hazırda koma vəziyyətində olan xəstənin vəziyyəti ölümcül-ağır qiymətləndirilir.
Ev sahibi S. İbrahimov ANS PRESS-ə bildirib ki, Emin evdə qardaşı Elçinlə qalırmış və hər iki qardaş sərbəst güləşlə məşğul olur.
DOSTLARINLA PAYLAŞ: