Bakıda ər-arvadın dəhşətli cinayəti üzə çıxdı
16 İyul 2010 Cümə 11:05
Onlar qadının boğazını ülgüclə kəsib, daha sonra bıçaqla qətlə yetiriblər.
Bakının Xəzər rayonunda qətl hadisəsi olub. Baş Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, 20 iyun 2010-cu il tarixdə saat 24.00 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs, yəni 53 yaşlı Valet Məmməd oğlu Məmmədov qeyri-qəsmi birlikdə yaşadığı Lalə Qiyas qızı Əliyeva ilə birlikdə yaşadıqları Xəzər rayonu, Albalılıq bağlar massivi, Namazov küçəsi 2, 1566 saylı bağ evində şəxsiyyəti hələlik istintaqa məlum olmayan Səbinə adlı qızı qətlə yetiriblər.
Belə ki, qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı L.Əliyeva qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə məqsədi ilə özündə olan ülgüclə Səbinənin boğaz nahiyəsini kəsib. V. Məmmədov isə bıçaqla sonuncuya bir neçə zərbə endirərək qəsdən öldürüb. Onlar sonra meyidi həmin evin içərisində çala qazaraq basdırmaqla izi itirməyə çalışıblar.
İyulun 16-da Xəzər rayon Polis İdarəsindən daxil olan məlumat əsasında rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyidə fotoşəkillər çəkilməklə baxış keçirilib, meyidin xarici müayinəsi aparılıb, hadisə yerindən cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı V.Məmmədov və L.Əliyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibbi ekspertizaları təyin olunub. Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən A.Məmmədov və L.Əliyeva saxlanılıb və onlar dindirilərkən törətdikləri cinayət əməlini tam etiraf ediblər.
Hazırda iş üzrə istintaq Xəzər rayon prokurorluğunda davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: