Bakıda 9 mərtəbəli binanın bloku uçub
16 Fevral 2010 Çərşənbə Axşamı 21:10
Qəza nəticəsində bir nəfər zirzəmiyə düşüb
Bakının Yasamal rayonu, Zahid Xəlilov, 66 ünvanında yerləşən 9 mərtəbəli binanın 4-cü girişində qəza baş verib. Binanın ala qapısının döşəməsinin çökməsi nəticəsində hazırda binaya giriş-çıxış çətinləşib, həmçinin elektrik enerjisi, su verilişi dayandırılıb.
Hadisə nəticəsində həmin ünvana qonaq gəlmiş bir nəfər şəxs yüngül bədən xəsarətləri alıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən binanın zirzəmisindən çıxarılan şəxs sakinlər tərəfindən xəstəxanaya aparılıb.
Bakı Elektrik Şəbəkəsinin Yasamal rayon bölməsindən ANS PRESS-ə verilən məlumata görə, uçmuş beton hissələri binanın elektrik kabellərini qırıb. Məlumatda bildirilir ki, həmin ünvanda kabellərin zədələnməsi nəticəsində qısa qapanma baş verib və enerji verilişi sabah qəzanın nəticələri aradan qaldırıldıqdan sonra mümkün ola bilər.
Qəza nəticəsində su boruları da zədələndiyindən hazırda binanın zirzəmisinə xeyli miqdarda su yığılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: