“Azərdəmiryolbank”ın rəhbəri həbs edilib
02 Aprel 2009 Cümə Axşamı 21:55
O, ayrı-ayrı vətəndaşların adlarına kredit rəsmiləşdirərək həmin məbləğləri götürməklə 413 min 483 manat məbləğində pul vəsaitini talamaqda şübhəli bilinir

 

“Azərdəmiryolbank” Açıq Səhmdar Cəmiyyətinin Daxili Audit Departamenti tərəfindən bankın Şamaxı filialının xəzinəsində aparılmış yoxlama zamanı 388 min 796 manat və 30 min 478 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin bir bağlama girov qızıl əşyalarının filialın xəzinəsindən götürülərək mənimsənilməsi aşkar edilib və toplanmış material tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib. Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, həmin fakt üzrə “Azərdəmiryolbank” ASC-nin Şamaxı filialının vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət başlanılaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə tapşırılıb. İstintaq zamanı müəyyən edilib ki, “Azərdəmiryolbank” ASC-nin Şamaxı filialının müdiri Bayramov Tural Zakir oğlu öz qulluq mövqeyindən istifadə etməklə, etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və ya israf etmə yolu ilə talayıb. O, 2008-ci il yanvarın 21-dən 2009-cu il martın 2-dək “Azərdəmiryolbank” ASC-nin Şamaxı filialının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə 2008-ci ilin yanvar ayından 2009-cu ilin mart ayınadək ayrı-ayrı vətəndaşların adlarına kredit rəsmiləşdirərək həmin məbləğləri götürməklə cəmiyyətə məxsus 413 min 483 manat məbləğində pul vəsaitini - yəni etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və ya israf etmə yolu ilə talayıb. Törətdiyi cinayət əməlinə görə T.Bayramov 2009-cu il martın 30-da Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar