Azərbaycanda meşə yanğınları baş verib
27 İyul 2010 Çərşənbə Axşamı 13:15
Yanğına səbəb avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olub.
Ələt-Hacıqabul magistral avtomobil yolunun 40-cı kilometrliyində yanğın hadisəsi baş verib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 25-də saat 21:50 radələrində yanğına səbəb avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olub. Yanğın təbii və alaq otlarından ibarət olan 30 hektar ərazini, o cümlədən magistral yolun kənarında uzun illər çılpaq vəziyyətdə qalmış və ölkə prezidentinin tapşırığına əsasən ETSN-in əməkdaşlarının səyi nəticəsində çətin meşəbitmə şəraitinə malik ərazidə son illərdə əziyyətlə yetişdirilmiş meşə ərazisindən 1,2 hektar sahəni əhatə edib.

Yanğin ETSN-in yerli qurumlarının, Hacıqabul rayon İcra Hakimiyyətinin, habelə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının operativ səyləri nəticəsində söndürülüb. Hadisə nəticəsində ağacların yarpaqları ütülüb, lakin ağaclara ciddi ziyan dəyməyib.

Daha bir yanğın hadisəsi isə ötən gün saat 13:00 radələrində Qusar rayonunun Ləcət bələdiyyəsinə aid torpaq fondunda qeydə alınıb. Mal-qara saxlayanların tonqal yandırması nəticəsində 1 hektar ərazini əhatə edən yanğın hadisəsi baş verib. Yanğın ETSN-in yerli qurumlarının və Qusar rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının səyi ilə söndürülüb.

Həmin gün saat 14:30 radələrində isə Oğuz rayonunun Böyük Söyüdlü bələdiyyəsinə aid 2,1 hektar kollu örüş sahəsində də sönməmiş siqaret kötüyündən quru otlara od düşməsi nəticəsində yanıb. Küləkli hava şəraiti səbəbindən yanğın 0,9 hektar meşə fondu ərazisinə keçib. Yanğın ETSN-in yerli qurumlarının və Oğuz rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının köməkliyi ilə qısa müddət ərzində söndürüldüyündən meşə fonduna ziyan dəyməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və küləkli keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, söndürülməmiş siqaret kötüklərini atmamağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar