Ana söyüşünə görə həmkəndlisini bıçaqladı
15 İyul 2010 Cümə Axşamı 22:00
Ana söyüşünə görə həmkəndlisini bıçaqladı. Hadisə Qusar rayonunda baş verib.
Bu gün saat 12:30 radələrində Qusar rayon avtovağzalında bıçaqlanma hadisəsi baş verib. Hadisə yerinə dərhal Qusar rayon polis şöbəsinin əməkdaşları yollanıb. Araşdırma nəticəsində hadisəni törədən şəxsin də, zərərçəkmişin də Qusar rayonunun Aşağı Ləyəz kənd sakinləri olduqları məlum olub. Rayon Polis şöbəsinin istintaq bölməsinin rəisi Yadigar Quliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 43 yaşlı Fuad Ağamirzə oğlu Əlimirzəyev şəhər avtovağzalında həmkəndlisi, 1975-ci il təvəllüdlü Şabanov Xəyyam Cəlil oğlunu şəxsi münaqişə zəminində bıçaqlayıb.

Zərərçəkən dərhal polis işçiləri tərəfindən Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinin müdiri İslam Dəmirovun verdiyi məlumata görə, Xəyyam Şabanova bir bıçaq zərbəsi vurulub. Bıçaq zərərçəkənin ürək nahiyəsindən keçərək onun ağ ciyərini zədələyib. 4 saat müddətində aparılmış əməliyyat nəticəsində xəstənin sol ağ ciyərinin aşağı fayları tikilib. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır.

Hadisəni törətmiş 43 yaşlı Fuad Əlimirzəyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. İlkin ifadəsində Fuad Əlimirzəyev Xəyyamı onun anasının ünvanına nalayiq söyüşlər işlətdiyinə görə vurduğunu və əməlindən peşiman olmadığını bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar