Ağır texnika Pirsaat çayında batıb
20 May 2010 Cümə Axşamı 21:55
Çayda işləyən dörd maşın suyun altında qalıb.
Pirsaat çayının Şamaxıdan keçən hissəsində dörd ədəd ağır texnika suyun altında qalıb. Rayon sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, çayda suyun səviyyəsi artdığından rayon mərkəzindən 10 kilometr məsafədə yerləşən Sabir kəndi ərazisində çayın içərisində işləyən iki ədəd “KRAZ”, iki ədəd ekskovator suyun altında qalıb. Təqribən 4-5 saat bundan öncə suyun altında qalan ağır texnikanın həmin ərazidən çıxarılması üçün hələlik heç bir tədbir görülməyib.
Bu il ötən illərlə nisbətdə yağıntının çox olması çayda suyun həcminin artmasına səbəb olub. Pirsaat çayının qidalanmasında yağış suları 75-80%, yeraltı sular 20%-ə qədər, qar suları 3-5%-ə qədər təşkil edir. Bu çay mənbəsini 2400 m yüksəklikdən, Lahıc dağ sistemindən götürür. Uzunluğu 202 km, sutoplayıcı sahəsi 2280 kvadrat kilometr, orta illik su sərfi 1,63 kubmetr/saniyyədir. Çayın orta meylliyi 11,9%, sutoplayıcı sahəsinin orta hündürlüyü 675 m-dir. Pirsaat çayının suyu çox vaxt Xəzər dənizinə çatmayaraq Ələt ətrafında itir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: