68 yaşlı qadına kürəkəni xəsarət yetirib
11 Mart 2009 Çərşənbə 11:20
Hadisəni törətməkdə şübhəli bilinən İlham Aydınov polis tərəfindən saxlanılıb

Bu gecə paytaxtda 68 yaşlı qadına kürəkəni küt alətlə xəsarət yetirib. Hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 17, mənzil 39-da baş verib. 68 yaşlı Böyükxanım Məmmədova 1 saylı Şəhər Xəstəxanasına ağır kəllə-beyin travması ilə gətirilib. Həkimlər tərəfindən aparılan müayinə zamanı onun başına küt alətlə xəsarət yetirilməsi ehtimal olunub. Yaralı dərhal əməliyyat olunub.
Hadisəni törətməkdə şübhəli bilinən Böyükxanım Məmmədovanın kürəkəni İlham Aydınov artıq Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində həbs qəti imkan tədbiri seçilib. Bölmədə ifadə verən təqsirləndirilən törətdiyi əməli etiraf edib və səbəb kimi də qaynanası ilə aralarında mütəmadi olaraq baş verən mübahisəni göstərib.
Saxlanılan şəxsin sözlərinə görə, bu gecə baş verən mübahisə artıq dözülməz olub və əsəblərini cilovlaya bilməyən İlham Aydınov qaynanasını vurub. İ.Aydınov bildirib ki, o, qayınanasını əlilə vurduqdan sonra qadın hamamda yıxılıb və başı vannaya dəyib.
6-cı polis bölməsindən bildirilib ki, İlham Aydınov öz həyat yoldaşına da xəsarət yetirmək istəyib. Amma Ruhəngiz Aydınova evdən qaçaraq canını qurtarıb.
Saxlanılan şəxs barəsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə təhvil verilib. Aparılan istintaq araşdırmalarından və tibbi ekspertizanın Böyükxanım Məmmədovanın xəsarətlərinin ağırlıq dərəcəsi barədə verəcəyi rəydən sonra fakta hüquqi qiymət veriləcəyi bildirilib. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar