Bu sözləri İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini qeyd edirik. Bu gözəl hadisə münasibətilə Naxçıvan Muxtar Respublikasının bütün sakinlərini və eyni zamanda, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.
İlham Əliyev bildirib ki, Naxçıvan qədim Azərbaycan torpağıdır: "Naxçıvanda tarixi abidələr, dini abidələr, memarlıq abidələri, bütün toponimlər Azərbaycan xalqına məxsusdur. Əsrlər boyu Azərbaycan xalqı bu gözəl diyarda yaşamış, yaratmışdır.
Naxçıvanın, eyni zamanda, qədim dövlətçilik tarixi vardır.
Qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan idi".
Prezidentin sözlərinə görə, təsadüfi deyil ki, Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilib: "Bu, gözəl hadisə idi, tarixi hadisə idi. Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi. Ancaq bununla bərabər, o vaxt xalqımıza qarşı ədalətsizlik də edilib. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər.
Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq".
Dövlət başçısı bildirib ki, Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır: "İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı.
Əfsuslar olsun ki, Heydər Əliyevin Azərbaycandan Moskvaya köçməsindən sonra bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da tənəzzül dövrü yaşanmışdı. Əldə edilmiş bütün uğurlar tədricən tənəzzül etmiş və muxtar respublika üçün çox ağır bir dövr başlamışdır. Biz o dövrü yaxşı xatırlayırıq. 1980-ci illərin sonları Naxçıvan üçün əsl sınaq dövrü idi. Xoşbəxtlikdən yenə də Ulu Öndərin rəhbərliyi ilə naxçıvanlılar bu ağır sınaqdan şərəflə çıxa bilmişlər".
İlham Əliyev xatırladıb ki, məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi: "Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi.
Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir".
Dövlət başçısı çıxışında deyib ki, Naxçıvanda dövlət çevrilişi cəhdi də olmuşdur: "Biz bunu yaxşı xatırlayırıq. Bu, yaxın tarixdir. Ancaq yenə də Ulu Öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır sınaqdan çıxmaq üçün bizə imkan yaratdı. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adlandırılırdı. O vaxt Naxçıvanın adı dəyişdirildi.
Ulu Öndərin təklifi ilə "sovet sosialist" sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Məclisi qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni, bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür. Naxçıvan bu ağır sınaqlardan çıxaraq inkişaf yoluna qədəm qoymuşdur".
Prezident bildirib ki, Ulu Öndərin Azərbaycan tarixində rolu əvəzsizdir: "Şəxsiyyətlərin tarixdə rolu haqqında çoxlu kitablar, elmi əsərlər yazılmışdır. Ulu Öndərin həyat və fəaliyyəti, onun siyasəti şəxsiyyətlərin tarixdə rolu haqqında kifayət qədər geniş material verir.
Bu böyük şəxsiyyətin rolu o qədər əhəmiyyətli və dəyərlidir ki, bu gün müstəqil Azərbaycan dövləti Ulu Öndərin siyasəti, cəsarəti, uzaqgörənliyi sayəsində inkişaf edir, yaşayır.
Bizim müstəqilliyimiz ən böyük sərvətdir və hamımız yaxşı bilirik ki, XX əsrin əvvəllərində də Azərbaycan müstəqillik qazanmışdı. Ancaq biz o müstəqilliyi qoruya bilməmişdik. O müstəqilliyin ömrü müəyyən səbəblər üzündən uzun olmamışdır. Ancaq bu, reallıqdır və bundan da əlavə məhz o illərdə, müstəqillik illərində, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərara əsasən, bizim əzəli torpağımız olan İrəvan Ermənistana verilmişdir. Necə ki, ondan bir neçə il sonra bolşevik sovet hakimiyyəti Zəngəzuru ermənilərə vermişdir. Necə ki, ötən əsrin sonlarında Qarabağ işğal altına düşmüşdür. Görün bizim xalqımız nə qədər böyük faciələr yaşamışdır.
Ancaq buna baxmayaraq, xalqımızın iradəsi sınmamışdır. Buna baxmayaraq, Azərbaycan bu gün inamlı inkişaf dövrünü yaşayır. Bu gün güclü Azərbaycan bölgə üçün, region üçün sabitləşdirici rol oynayır. Mən tam əminəm ki, güclü Azərbaycan və güclənən Azərbaycan bizə öz ərazi bütövlüyümüzü bərpa etməyə və gələcəkdə bütün tarixi torpaqlarımıza qayıtmağa imkan verəcəkdir".
O illəri xatırlayarkən bir daha hamımız görürük ki, nə qədər ağır illər idi, ancaq, eyni zamanda, bizim qələbəmiz nə qədər şərəfli idi. Çünki bu qələbə Azərbaycan dövlətinin, Azərbaycan xalqının qələbəsi idi.
Azərbaycan xalqı öz müstəqilliyini qoruya bilmişdir. Məhz ona görə ki, müstəqilliyin bünövrəsi 1990-cı illərin əvvəllərində Naxçıvanda qoyulmuşdur. Məhz ona görə ki, 1993-cü ildə Azərbaycan xalqının xahişi ilə Ulu Öndər Naxçıvandan Bakıya getmiş və orada Azərbaycanı böyük bəlalardan, vətəndaş müharibəsindən qurtarmış və Azərbaycana sabitlik gətirmişdir".
İlham Əliyev vurğulayıb ki, 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik, sürətli inkişaf dövrü yaşanır və müstəqilliyimizin banisi Heydər Əliyevin bu uğurlarda rolu əvəzsizdir: "Naxçıvan da sürətlə inkişaf edir.
Naxçıvanda bütün məsələlər uğurla icra edilir. Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir.
Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram və çox sevinirəm. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır.
Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm".
Dövlət başçısı deyib ki, Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir: "Naxçıvan Ordusu bu gün güclü Ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir.
Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır. Bu gün bu, belədir.
Gələcəkdə Naxçıvanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Naxçıvanın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu, artıq reallıqdır.
Gələcək illərdə görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük hərbi potensial yaradacağıq. Buna imkan vardır. Azərbaycan dövləti zəngin dövlətdir. Bildiyiniz kimi, bizim dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə qədər ki, torpaqlarımız işğal altındadır, bu, belə də olmalıdır".
Prezident qeyd edib ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: "Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda əlahiddə ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Yəni, bundan sonrakı illərdə də Naxçıvanın hərbi gücünün artırılması üçün əlavə tədbirlər görüləcəkdir".
Naxçıvanda enerji təhlükəsizliyi məsələlərinin öz həllini tam şəkildə tapdığını deyən İlham Əliyev bildirib ki, bu da çox sevindirici haldır:
"Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır. Naxçıvan bu gün elektrik enerjisi ilə təchizat baxımından öz enerji təhlükəsizliyini tam şəkildə təmin edə bilibdir. Hətta ixrac imkanları yaranmışdır.
Biz o illəri yaxşı xatırlayırıq. 1990-cı illərin əvvəllərində mən də dəfələrlə Naxçıvana gəlirdim. Biz faktiki olaraq qaranlıq içində yaşayırdıq. Evlərdə işıq yox idi, nəinki küçələrdə. İşıq böyük fasilələrlə verilirdi. Ən böyük problem işıq idi. Qazdan, ümumiyyətlə, söhbət belə getmirdi. Ancaq bu gün Naxçıvan nəinki özünü enerji ilə tam şəkildə təmin edir, hətta ixrac edir. Ən önəmlisi ondan ibarətdir ki, Naxçıvanın daxili təminatı 100 faiz bərpa olunan enerji növləri hesabına ödənilir.
Bu da deyə bilərəm ki, dünyada çox nadir hallarda müşahidə edilən bir mənzərədir"
Dövlət başçısı vurğulayıb ki, indi Naxçıvanın elektrik enerjisi potensialı 220 meqavata yaxındır: "Bu imkanları son illərdə tikilmiş elektrik stansiyaları yaratdı. Son illər ərzində 5 elektrik stansiyası tikilmişdir.
Bu gün elektrik enerjisi ilə heç bir problem yoxdur. Nəinki bu gün, gələcəkdə də olmayacaqdır. Çünki biz, əlbəttə, öz enerji potensialımızı elə təşkil etməliyik ki, uzun illər bundan sonra da sürətli inkişafımızı təmin etsin. Çünki heç bir inkişaf elektrik enerjisiz mümkün deyildir. Naxçıvanın artan iqtisadi potensialı, sənaye inkişafı, artan əhalisi diktə edir ki, elektrik enerjisi ilə təchizat daim yüksək səviyyədə təşkil edilsin. Yəni, bir sözlə, bu gün bu məsələ öz həllini tapıbdır.
Dünən Naxçıvanda sərgilənən yerli istehsal nümunələri ilə də tanış olmuşam. O sərgidə Naxçıvanda son illər ərzində yaradılmış müəssisələrin məhsulları nümayiş etdirilirdi. Bu da çox sevindirici haldır. Çünki yerli istehsal artır. Naxçıvanın sənaye potensialı artır, ixrac artır və Naxçıvanın artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranmışdır. Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri demək olar ki, tam şəkildə öz həllini tapmışdır.
Dünən mən maraqlanırdım, soruşurdum ki, vəziyyət necədir? Mənə Vasif Talıbov məlumat verdi ki, Naxçıvanın əsas ərzaq məhsulları ilə təminatı tam şəkildə təşkil edilibdir. Bu da böyük nailiyyətdir, böyük uğurdur.
İnfrastruktur layihələrinin icrası, yolların çəkilməsi, hazırda içməli su və kanalizasiya layihələrinin icrası da çox önəmli hadisədir. Yəni, bir sözlə, Naxçıvanın bütün sosial, iqtisadi, infrastruktur, hərbi məsələləri yüksək səviyyədə öz həllini tapır.
Naxçıvan gözəlləşir, abadlaşır, gözəl, müasir şəhərə çevrilir. Nəinki Naxçıvan şəhəri, digər şəhərlər də. Bütün rayon mərkəzlərində artıq müasir tibb məntəqələri vardır. Naxçıvanda ən böyük mərkəzi xəstəxana tikilir. Ondan əvvəlki dövrlərdə diaqnostika mərkəzi, doğum mərkəzi tikilmişdir. Yəni, görülən bütün işləri sadalamaq üçün çox vaxt lazım olacaqdır, siz naxçıvanlılar bunları yaxşı bilirsiniz. Sadəcə olaraq mən öz təəssüratlarımı, öz sevincimi ifadə etmək istəyirəm ki, bu gün Naxçıvan sözün əsl mənasında inamla, uğurla inkişaf edir.
Sizə, naxçıvanlılara gələcək işlərdə də yeni uğurlar arzulayıram".
İlham Əliyev bir daha deyib ki, bu uğurların təməlində Ulu Öndərin siyasəti dayanır: "Biz, onun davamçıları bu siyasətə sadiqik. Artıq on bir ilə yaxındır ki, Ulu Öndər aramızda deyil. Ancaq onun ideyaları, siyasəti, siyasi xətti yaşayır. Azərbaycan inamla, uğurla inkişaf edir.
Azərbaycan sözün əsl mənasında müstəqil dövlət kimi öz siyasətini aparır. Azərbaycan xalqı bu gün inkişaf edən Azərbaycanın timsalında müstəqilliyin üstünlüklərini əyani şəkildə görür. Müstəqillik ən böyük sərvətimizdir. Hətta inkişafımız olmasa idi, hətta ağır vəziyyətdə yaşasaydıq belə, yenə də azadlıq, müstəqillik hər şeydən üstündür.
Ancaq biz nəinki müstəqil dövlətik, nəinki öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparırıq, biz uğurlu dövlətik. Biz böyük uğurlara imza atmışıq. Son on ilin nəticələri göz qabağındadır. Bu, statistikadır, bu, tarixdir, bu, reallıqdır. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Cəmi 10 il ərzində iqtisadiyyat 3 dəfə artmışdır.
Bizi uzun illər incidən işsizlik kimi problem demək olar ki, aradan qaldırılıb. Yoxsulluq səviyyəsi ən aşağı həddədir. Azərbaycan bu gün bütün iqtisadi parametrlər üzrə ən qabaqcıl ölkələrlə eyni səviyyədədir, bəzi parametrlər üzrə inkişaf etmiş ölkələri də qabaqlayır. Bizim dövlət xarici borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Azərbaycanda böyük həcmdə valyuta ehtiyatları yaradılmışdır və ümumi daxili məhsulumuzun 70 faizini təşkil edir.
Büdcə kəsiri çox aşağı səviyyədədir. İnfrastruktur layihələrinə qoyulan vəsait bu gün ölkəmizin hər bir yerində özünü göstərir, yeni imkanlar açır. Biznes imkanları da çox yaxşıdır. Azərbaycanda liberal iqtisadiyyat aparılır. Rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı dünyada 39-cu yerdədir.
Yəni, aparılan islahatlar, düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızı şərtləndirir. Son 10 ilin inkişafı onu göstərir ki, biz, Ulu Öndərin davamçıları onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik".
Prezident qeyd edib ki, siyasi islahatlar uğurla aparılır: "Azərbaycanda azad cəmiyyət formalaşıbdır. Bütün azadlıqlar mövcuddur. Siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, internet azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, bütün azadlıqlar vardır.
Azərbaycan demokratik dövlətdir. Azərbaycan o dövlətdir ki, bu dövlətin inkişafını xalq müəyyən edir. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas istiqamətdir, əsas yolumuzdur.
Yəni, bu gün Azərbaycan dövləti möhkəm təməl üzərində qurulubdur.
Bu təməl tarixə, xalqımızın əsrlər boyu yaratdığı dəyərlərə söykənir.
Milli ideologiyamıza söykənir ki, onun müəllifi ulu öndər Heydər Əliyevdir. Bu gün, eyni zamanda, bizim dövlətimiz möhkəm iqtisadi baza üzərində qurulubdur. İqtisadi müstəqillik siyasi müstəqilliyimiz üçün əsas şərtdir".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan bu gün dünya üçün çox önəmli tərəfdaşa çevrilibdir: "Beynəlxalq nüfuzumuz artır. Dünya ictimaiyyəti bizi dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizə səs verməzdi. BMT Təhlükəsizlik Şurasının üzvü olmuşuq. Dünyanın ən mötəbər təşkilatı olan Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik.
Bu il Avropa Şurasında sədrlik edəcəyik. Dünyada dostlarımızın, bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Yəni, budur bizim beynəlxalq nüfuzumuz. Beynəlxalq nüfuz, iqtisadi güc, hərbi potensial, sosial məsələlərin həlli, regional inkişaf proqramlarının uğurla icra edilməsi və prinsipial siyasət.
Hər bir məsələ ilə bağlı bizim prinsipial mövqeyimiz vardır.
Azərbaycan hər bir beynəlxalq hadisə ilə bağlı öz prinsipial mövqeyini ifadə edir. Bu mövqe prinsiplər üzərində qurulubdur. Beynəlxalq hüquq və ədalət - bu iki prinsip hər bir ölkə üçün ən əsas prinsip olmalıdır.
Bizim üçün bu, belədir. Bu gün Azərbaycanın dünyada artan hörməti, eyni zamanda, bizim prinsipial mövqeyimizdən qaynaqlanır.
Bizim tərəfdaşlarımız bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.
Biz gələcəyə böyük ümidlərlə, nikbinliklə baxırıq. Bizim gələcəyimiz daha da gözəl olacaqdır. Sözün düzü, hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur.
Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri - quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır. Bundan sonra Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın uğurlu, dinamik inkişafı təmin ediləcəkdir. Bu günədək görə bilmədiyimiz işləri görəcəyik. Görüləsi işlər vardır. Ancaq deyə bilərəm ki, xalqımızı narahat edən əsas sosial və iqtisadi məsələlərin böyük əksəriyyəti öz həllini tapmışdır.
Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini Ulu Öndər qoymuşdur. Bir daha demək istəyirəm ki, biz bu siyasətə sadiqik.
Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz.
Əziz dostlar, bu gözəl hadisə münasibətilə bütün naxçıvanlıları və bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycan xalqına, yaşasın Naxçıvan!"
Prezident İlham Əliyevin 2014-cü il 5 aprel tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə görə muxtar respublikanın bir qrup ziyalısı müxtəlif orden və medallara, fəxri adlara layiq görülmüşdür. Dövlətimizin başçısı həmin mükafatları sahiblərinə təqdim etdi.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə bir daha təbriklərini çatdıran Prezident İlham Əliyev dedi: "Əziz naxçıvanlılar, bu gözəl bayram münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ olun".
Yubiley mərasiminin rəsmi hissəsindən sonra Naxçıvan Muxtar Respublikasının incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olundu.
Azərbaycan Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, təntənəli mərasimdə iştirak edən qonaqlar konsert proqramına maraqla tamaşa etdilər.
Konsertdən sonra Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə ziyafət verildi.
Əvvəlcə Prezident İlham Əliyev yubiley mərasimində iştirak etmək üçün Naxçıvan şəhərinə gələn ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə söhbət etdi.
Sonda xatirə şəkli çəkdirildi.