Zəlzələdən necə qorunaq?
25 May 2012 Cümə 15:56
Təbii fəlakət zamanı davranış qaydalarını Seysmoloji Xidmət Mərkəzi açıqlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) zəlzələ zamanı davranış qaydalarını açıqlayıb.

Mərzəkin məlumatına görə, mayın 7-də Zaqatala rayonunda baş verən zəlzələdən sonra bu bölgədə yaşayan insanlar arasında müəyyən narahatçılıqlar yaranıb. Bir çox insanlar zəlzələ zamanı davranış qaydaları barədə məlumatsızdırlar və ya əksər hallarda yanlış qərarlar verirlər. "İnsanların dəhşətli təbiət hadisələri haqqında yüksək səviyyədə məlumatlandırılması və biliklərinin artırılması, təbii fəlakətlərin nəticələrinin yüngülləşdirilməsi istiqamətində aparılan işlərdən ən səmərəli üsullardan biridir. Seysmik aktiv ərazilərdə yaşayan hər bir şəxsin zəlzələ haqqında müxtəlif informasiya mənbəyindən müəyyən bilik alması lazımdır”.

Qeyd olunub ki, zəlzələyə qarşı hazırlığı olmayan insanlar zəlzələ baş verdikdə adətən emosional stress keçirdiyindən bəzən təhlükəli qərarlar qəbul edirlər, çoxmərtəbəli binaların pəncərə və ya eyvanlarından tullanır, liftə minirlər. Tələbə və məktəblilər, iş yerində olan qulluqçular məcburi qaydada zəlzələ vaxtı davranış qaydaları ilə yaxından tanış olmalıdırlar. Məktəblilər üçün zəlzələlərin mənşəyi, təzahürü və onlara hazırlıq tədbirləri haqqında biliklərin tədrisi üzrə məşğələlər təşkil etmək lazımdır. Bu uşaqlarda qorxu hissinə qalib gələr və zəlzələni daha təmkinlə qarşılamada kömək edə bilər. Binaları və sənaye obyektlərini tektonik yarıqlar, dik yamaclar, bataqlaşmış yerlər kimi təhlükəli zonalardan kənarda gözlənilən seysmik təhlükəyə davamlı salmaq, köhnə tikililəri isə seysmik tələblərə uyğun olaraq möhkəmlətmək lazımdır.

Zəlzələlər zamanı insan təlafatı və itkilərin çoxu bina və konstruksiyaların uçması, mebellərin və interyerin başqa komponentlərinin davamsızlığı ilə əlaqədardır. Buna görə də davamlı və ağır mebellərin istifadə olunması məsləhətdir. Onlar bərkidilməlidir. Ağır əşyaları yuxarıda saxlamaq olmaz. Çarpayıları əsas divarların və dirəklərin yanında qoymaq lazımdır. Yanğın da çox təhlükəlidir. Hamı ehtiyac olduqda qaz və elektrik xətlərini bağlamağı bacarmalıdır. Fənərləri (kibriti yox!), dərman qutusunu, isti geyim əşyalarını etibarlı yerlərdə saxlamaq lazımdır.
Tövsiyə edilən müdafiə tədbirlərindən ən yaxşısı çaxnaşmaya düşməməkdir.

Zəlzələ yer tərpənməsi olub bir neçə saniyə və güclü zəlzələdə isə bir dəqiqəyə qədər davam edə bilər. Ona görə də binanın içərisində olduqda təcili sürətdə təhlükəsiz yerə qaçmaq, daxili qapıların yerində və ya otağın daxili künclərində dayanmaq lazımdır. Zəlzələ zamanı binanın daha çox xarici divarları uçur. İnsanların dayandığı yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişmək lazımdır.

Qeyd olunub ki, xəsarət almış binalarda təkrar təkanlar (afterşoklar) daha təhlükəli ola bilər. Pəncərələrdən, sobalardan, ağır əşyalardan - kitab rəflərindən, soyuduculardan, qab-qacaq rəflərindən kənarda durmaq lazımdır. Onlar aşa bilər və ya yerindən tərpənib ağır zədə vura bilər: “Əgər siz çoxmərtəbəli binanın daxilindəsinizsə, liftə girməyin və pilləkənlərlə qaçmayın. Pilləkənlərdə basabas olacaq, liftlər isə işləməyəcək. Bundan başqa zəlzələ zamanı pilləkənlər və liftlər çox vaxt uçulur. Güclü təkanlardan sonra elektrik və qaz sistemlərini qapayın - əgər onlar öncədən qapanmayıbsa, kibrit, şam və alışqanlardan qətiyyən istifadə etməyin, qaz axını partlayışlı yanğına səbəb ola bilər.

Binadan kənardasınızsa, binaya yaxınlaşmayın, əksinə ondan kənara küçənin ortasına, boş sahələrə, bağlara qaçın, ən açıq olan sahələrə çəkilin və elektrik şəbəkəsindən uzaqlaşın. Zəlzələdən sonra təmkinli olun, təkrar təkanlar haqqında hər hansı bir məlumat, proqnoz şayiələr yaymayın. Rəsmi orqanların məlumatlarından faydalanın və yalnız onların tövsiyələrinə əsasən hərəkət edin. Telefondan yalnız zədə almış insanlar barədə xəbər vermək üçün istifadə edin, digər hallarda telefon xətlərini məşğul edərək xilasetmə və tibb xidmətlərinin işinə mane olmayın. Gərginlik bir qədər azaldıqdan sonra, qohumlarınız və yaxınlarınızla əlaqə saxlaya bilərsiniz. Yaralılara ilk yardım göstərin - bunun üçün yanınızda ilk yardım dərman qutusu olmalıdır, ehtiyacı olanların yanına həkim göndərin. Yanğın ocaqlarını tapın və imkan dairəsində onları söndürməyə çalışın. Zədələnmiş binaların yanından keçərkən, çox diqqətli olun. Uçqunlar qəflətən baş verə bilər. Bundan başqa qaz sızması, naqillərin qırılması, şüşə parçalanması təhlükəsi də ola bilər”.

Mərkəzin açıqladığı qaydalarda, həmçinin qeyd edilib ki, zəlzələlərin gözlənildiyi bütün ölkələrdə zəlzələ zamanı əhalinin davranış qaydaları haqqında tövsiyələr demək olar ki, eynidir: “Başlıcası ondan ibarətdir ki, hər bir şəxs bu təbii fəlakətə özünü daxildən hazırlamalıdır. Seysmik cəhətdən təhlükəli rayonlarda yaşayan hər bir adam evdə, işdə, küçədə, avtomobildə və digər yerlərdə ola biləcək zəlzələ zamanı öz davranışını şüurlu və sistematik planlaşdırmalıdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar